Bu gün “Yüksəliş” müsabiqəsinin final mərhələsinin açılış mərasimi baş tutub.
“Report” xəbər verir ki, açılış mərasimində müsabiqənin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Təşkilat Komitəsinin üzvlərindən iqtisadiyyat naziri Mikayıl Cabbarov və təhsil naziri Emin Əmrullayev iştirak edib.
Gənclər və idman nazirinin müavini, İşçi Qrupunun rəhbəri Fərhad Hacıyevin çıxışı ilə açıq elan olunan tədbir Təşkilat komitəsi üzvlərinin və ötən ilin “Yüksəliş” müsabiqəsi qaliblərindən Orxan Quliyevin nitqi ilə davam edib.
İdarəçi rəhbərlər çıxışlarında “Yüksəliş” müsabiqəsinin yeni nəsil idarəçilərin aşkara çıxarılması və formalaşmasında oynadığı əhəmiyyətli rolu vurğulayıb, müasir idarəçiliyin tələblərinə və rəqabətli insan kapitalının önəminə diqqət çəkiblər.
İqtisadiyyat naziri Mikayıl Cabbarov öz çıxışında idarəçiliyin əsas şərtlərindən birinin məsuliyyəti dərk etmək olduğunu və müasir dövrün idarəçisi olaraq individuallıqdan komanda işinə keçməyin əhəmiyyətini qeyd edib. Mikayıl Cabbarov bildirib ki, idarəçiyə etimad, etibar və inam önəmlidir.
Təhsil naziri Emin Əmrullayev çıxışında təhsildə kompetensiyaların hesablanmasının əhəmiyyətindən danışaraq bir sıra hallarda data əsaslı qərar verməklə yanaşı, reallığa və kontekstə uyğun qərar verilməsi gərəkdiyini bildirib. Nazir vurğulayıb ki, idarəçinin əsas missiyalarından biri reallığı dəyişməkdir və əsl idarəçi bu kimi çətin vəziyyətlərdə necə qərar qəbul edəcəyinə əsasən müəyyən olunur.
Daha sonra birinci “Yüksəliş” müsabiqəsi qaliblərindən Orxan Quliyev potensial idarəçi şəxslərin, intellektual şəxslərin bir araya toplanması, onların şəbəkələşməsi, bir-birlərinin peşəkar fəaliyyəti ilə yaxından tanış olmasının “Yüksəliş” müsabiqəsinin iştirakçılara qatdığı ən böyük dəyər olduğunu vurğulayıb.
Gənclər və idman nazirinin müavini, İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev sonda “Yüksəliş” müsabiqəsi finalçılarına səslənərək istedadlı kadrların seçilməsi, inkişaf etdirilməsi üzrə layihənin keçirilməsində yaxından iştirak etdikləri üçün məmnunluq və qürur hissi duyduğunu bildirib və iştirakçılara uğurlar arzulayıb.
Qeyd edək ki, finalda müsabiqənin əvvəlki dörd mərhələsini uğurla başa vuran 116 nəfər iştirakçı mübarizə aparır. Final mərhələsi üç gün davam edəcək və müsabiqə 17 iyulda yekunlaşacaq. Bu mərhələni uğurla keçən iştirakçıları bir il ərzində idarəçi rəhbərlərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət qurumlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 000 AZN dəyərində pul mükafatı gözləyir.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.