“44 günlük Vətən müharibəsində tarixi zəfər əldə edən Azərbaycan postmüharibə dövründə də davamlı olaraq uğurlu addımlar atır. Bu addımların, həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasətin nəticəsini isə biz bütün sahələrdə müşahidə edirik”.
“Report” xəbər verir ki, bunu deputat Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, bu kontekstdə 2022-ci ilin ilk yarısı da uğurlarla yadda qalıb:
“Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə dövlət başçısının da bəyan etdiyi kimi ilin altı ayı bir daha onu göstərir ki, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyduğumuz vəzifələr icra edilir. Ümumilikdə Azərbaycan Prezidentinin müşavirədəki çıxışı proqram xarakteri daşıyırdı. Bu çıxış bir daha göstərdi ki, ölkənin inkişafı ilə bağlı bütün strateji hədəflər müəyyən edilib, onların həyata keçirilməsi ilə bağlı əsaslı planlar və aydın təsəvvür var”.
Deputat qeyd edib ki, əldə edilən uğurlar heç də təsadüfi deyil:
“Məhz Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində ölkə inkişaf edib, Azərbaycan xalqının rifahı yüksəlib. Bu siyasət həmçinin Azərbaycanın təhlükəsizliyinin təmin edilməsinə və dövlətimizin daha da güclənməsinə xidmət edir. Azərbaycan Prezidenti verdiyi bütün vədlərə həmişə sadiq olub və qarşıya qoyulmuş bütün vəzifələrə vaxtında və artıqlaması ilə nail olunub”.
Dövlət başçısının müşavirədəki nitqində bir çox vacib məqamlara toxunulduğunu deyən V.İskəndərov əlavə edib ki, bu sırada işğaldan azad olunmuş ərazilərdə sürətli bərpa və yenidənqurma işləri barədə məqamlar da öz əksini tapıb:
“Dövlət başçısının da bəyan etdiyi kimi, hər şey göz qabağındadır. Bütün işlər plan üzrə gedir. İnfrastruktur işləri – artıq yaşayış binalarının inşasına başlanılıb, Ağalı kəndi istifadəyə verilib, beş şəhərin baş planı təsdiqlənib, yeni yaradılacaq kəndlərin yerləri müəyyən edilib. Ola bilsin ki, biz bu il yeni kəndlərin inşası, yaradılması, həmçinin tarixi abidələrin bərpası ilə məşğul olacağıq. Yəni, burada hər şey plan üzrə gedir.
Prezident qeyd etdi ki, bu bölgə nəinki Azərbaycan üçün, dünya üçün nümunəvi bölgə olacaq. Bildirildi ki, biz hər şeyi planlı şəkildə edirik. Əlbəttə ki, tələsirik, amma, eyni zamanda, tələskənliyə yol vermirik. Bütün tender prosedurları keçməlidir, şəffaflıq tam təmin edilməlidir, orada heç bir inhisarçılıq olmamalıdır. Açıq tender prosedurları təmin edilir və ediləcək. İctimaiyyətə müntəzəm olaraq məlumat verilməlidir və veriləcək. Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı işlər gələn il də prioritet olacaq. Dövlət başçısının bildirdiyi kimi infrastruktur, yaşayış binaları, kəndlərin qurulması – bütün bu layihələr gələn ilin büdcəsində olmalıdır. Azərbaycan bu il həmin ərazilərdə infrastruktur layihələri ilə daha çox məşğul olunmasına baxmayaraq, Şuşa şəhərində dövlət vəsaiti xətti ilə yaşayış kompleksinin tikintisinə də artıq başlanıb. Eyni zamanda Ağdam şəhərində isə özəl sektor xətti ilə yaşayış binalarının tikintisinə başlanılıb. Bir sözlə, işğaldan azad olunmuş ərazilərdə sürətli bərpa və yenidənqurma işləri gedir və bu gələn il də davam edəcək”.