Azərbaycan Diasporuna Dəstək Fondu “Qardaşlaşmış Qarabağ Məktəbləri” adlı yeni layihəyə start verib.
Davamlılığının təmin olunması nəzərdə tutulan ilk layihə 18-24 iyul tarixində gerçəkləşdiriləcək.
“Qardaşlaşmış Qarabağ Məktəbləri” layihəsi çərçivəsində İsveçrədə fəaliyyət göstərən həftəsonu məktəbinin şagirdləri ilə məcburi köçkün və şəhid ailələrinin övladları Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən “Cırtdan” Respublika Uşaq İstirahət və Sağlamlıq mərkəzində bir həftə ərzində səmərəli vaxt keçirəcək. Şagirdlərin mədəni-maarifləndirici panellərdə iştirakı, ölkəmizin dilbər guşələrinə səyahəti, muzeylərə səfəri nəzərdə tutulur.
Layihədə İsveçrədən 10 şagird və 2 təlimçi, yerli məktəblərdən 14 şagird və 2 təlimçi iştirak edir.
Burada onlara daimi kommunikasiya və şəbəkələşmə ilə yanaşı, Azərbaycan dili təlimləri keçiriləcək. Layihənin növbəti mərhələsində isə yerli şagirdlərin İsveçrəyə səfəri təşkil ediləcək.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi layihənin tərəfdaşlarından biridir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı həftəsonu məktəblərinin açılması istiqamətində fəaliyyətin gücləndirilməsi, dünya azərbaycanlılarını birləşdirən ana dilinin daim təbliği kimi fəaliyyətləri diaspor siyasətinin prioriteti kimi müəyyənləşdirib.
Xarici ölkələrdə “Qarabağ məktəbləri”nin qurulmasına Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və tapşırığı ilə start verilib. Fransanın Nant, İsveçrənin Bern, Polşanın Varşava, İsveçin Stokholm şəhərlərində həftəsonu məktəbləri fəaliyyətə başlayıb. Bu məktəblərin məqsədi azərbaycanlı uşaqlara ana dilini, ədəbiyyatını, tarixini və mədəniyyətini tədris etməklə yanaşı, ölkəmizlə bağlı həqiqətləri də aşılamaqdır.