Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin olunmuş, DGK-nın sədri vəzifəsi həvalə edilmiş Şahin Bağırovu komitənin kollektivinə təqdim edib.
AZƏRTAC xəbər verir ki, Samir Nuriyev Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında dövlət idarəetməsinin bütün sahələrində köklü islahatların aparıldığını vurğulayıb. Qeyd edib ki, islahatların əsas məqsədi idarəetməni daha da təkmilləşdirmək, dövlət orqanlarının fəaliyyətində şəffaflığa nail olmaq və vətəndaş məmnunluğunu təmin etməkdən ibarətdir. Samir Nuriyev dövlətimizin başçısının gömrük orqanlarının qarşısına qoyulmuş vəzifələrin icrası ilə bağlı tapşırıqlarını kollektivin diqqətinə çatdırıb.
Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, Dövlət Gömrük Komitəsi sədrinin vəzifələrini icra edən Şahin Bağırov göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını ifadə edib. Şahin Bağırov gömrük xidmətində çalışan həmkarları ilə birlikdə dövlətimizin başçısının etimadını doğrultmaq üçün bütün imkanlarını səfərbər edəcəyini və gömrük orqanlarının fəaliyyətində keyfiyyət dəyişikliyinə nail olmaqdan ötrü səylə çalışacağını vurğulayıb.