17-18 iyul 2022-ci il tarixlərində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti Oman Sultanlığının Maskat şəhərində keçirilən ICCIA Baş Assambleyasının 38-ci iclasında, Direktorlar Şurasının 33-cü iclasında və İcraiyyə Komitəsinin 1-ci iclasında iştirak edib.
Baş Assambleyasının iclasında 50-dən çox islam ölkəsinin ticarət və sənaye palatalarının rəhbərləri, İslam Əməkdaşlıq Təşkilatının və diplomatik korpusun rəsmi nümayəndələri iştirak ediblər. Tədbir zamanı islam ölkələrində dayanıqlı kənd təsərrüfatı və qida təhlükəsizliyi üzrə əməkdaşlığın genişləndirilməsi və bu istiqamətdə investisiya imkanları, sertifikatlaşdırmanın tanınması məsələləri üzrə müştərək tədbirlərin genişləndirilməsi barədə söz açılıb. Bundan başqa, tədbirdə İslam Palatasının üzv qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi, beynəlxalq standartlara çatdırılması üzrə xüsusi akkreditasiya proqramının qəbulu və icrası üzrə müvafiq qərar qəbul edilib, üzv qurumların rəqəmsallaşdırıması, dayanıqlılığının təmin edilməsi üçün müvafiq iki komissiyanın yaradılmasının vacibliyi bildirilib.
ICCIA Direktorlar Şurası və İcraiyyə Komitəsinin iclaslarında çıxışı zamanı ASK prezidenti M.Musayev ölkəmizin ICCIA Direktorlar Şurasının 34-cü iclasına ev sahibliyi etməyə hazır olduğunu bildirib. Onun bu təklifi, ICCIA prezidenti Abdullah Saleh Kamel və Direktorlar Şurasının üzvləri tərəfindən müsbət qarşılanıb.
M.Musayevin bu təşəbbüsü ICCIA Direktorlar Şurasında aparılan səsvermə zamanı qəbul edilərək, iclasın protokoluna daxil edilib.
Eyni zamanda, Məmməd Musayev cari ilin oktyabr ayında ICCIA-ın Bakı şəhərində birgə təşkil olunacaq “Dayanıqlı Kənd Təsərrüfatı Forumu”na hazırlığın yüksək səviyyədə getdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
İclas zamanı Rusiya Federasiyasının Tatarıstan və Başqırdıstan Respublikalarının Ticarət və Sənaye Palatalarının və Tailand Krallığının Müsəlman Ticarət Assosiasiyasının ICCIA-da müşahidəçi statusunda üzvlüklərinə baxılması, ICCIA Maliyyə Komitəsinin 64 və 65-ci hesabatlarının təsdiq olunması, ICCIA-ın Türkiyədə regional ofisinin açılması və digər gündəlikdə duran məsələlər müzakirə olunub.
Bundan başqa, tədbirin gedişatı zamanı və sonunda keçirilmiş biznes görüşlərdə, Konfederasiya prezidenti Türkiyə, Oman, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Misir, İordaniya, Çad, Mərakeş, Cibuti və digər ölkələrin ticarət-sənaye palatalarının rəhbərləri ilə görüşlər keçirmiş, onlara hazırda Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar, işğaldan azad edilmiş bölgələrdə yenidənqurma işlər barədə məlumat vermiş, mövcud invesitisiya imkankları ilə yaxından tanış olmaq üçün onları Azərbaycana dəvət edib.
Məlumat üçün bildirmək istərdik ki, Azərbaycanı ICCIA kimi beynəlxalq təşkilatda təmsil edən Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev ICCIA-ın Direktorlar Şurası və İcraiyyə Komitəsinin üzvüdür.