• Bz. Noy 24th, 2024

İsrail səfirini ölümlə hədələyən Abbas Musəviyə xəbərdarlıq ediləcək? – AÇIQLAMA + FOTO

ByYenigun.news

İyl 21, 2022

Ötən gün İsrailin Azərbaycandakı səfiri Corc Dik “Təbrizin sehrli nağılları” kitabını oxuması barədə paylaşım edib. Sosial şəbəkələrdə böyük maraqla qarşılanan bu tvitə İranın Azərbaycandakı səfiri Abbas Musəvinin cavabı isə gecikməyib. O, diplomat həmkarını ölümlə hədələyib. “Görünür, ilk şər sionisti də qeyrətli Təbriz camaatı dəfn edəcək”, – deyə Corc Diki həm təhqir, həm də təhdid edib.

Maraqlıdır, Azərbaycan Xarici İşlər Nazirliyi təhdidə görə İrana xəbərdarlıq edəcəkmi? Ümumiyyətlə, XİN-in ölkədəki səfirliklərə bu kimi məsələlərlə bağlı müdaxilə etmə səlahiyyəti varmı?

Mövzu barədə Oxu.Az-a danışan Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva hələ ki bu məsələ ilə bağlı heç bir şərhin olmayacağını bildirib. 

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Azərbaycan XİN-in prosesə müdaxilə etməli olduğunu deyib:

“Çünki İran səfirinin cavabında təhqir və təhdid elementləri var. İsrail səfiri isə sadəcə oxuduğu kitab haqqında öz təəssüratını bölüşüb. İran səfiri, bəlkə də, heç o kitabı oxumayıb. Dediyi sözlərin hamısı saxta və süni şeylərdir. Hansısa qırmızı xətlərdən danışır. Bizdə isə indi çətin vaxtlardır. İranla kövrək münasibətləri güclə qoruyub-saxlayırıq. İran və Rusiya ilə münasibətlərdə çox ehtiyatlı hərəkət etmək məcburiyyətindəyik. Bir vətəndaş olaraq isə hesab edirəm ki, İran səfiri qərəzli, kobud, diplomatik qaydalara sığmayan bir davranış nümayiş etdirib. Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı xəbərdarlıq etməsə də, hər halda mətbuat xidməti, qanuna əsasən, hansısa mövqe ortaya qoya bilər”.

Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli isə səfirlər arasında söz savaşının bəzi reallıqları ortaya çıxardığını söyləyib:

“Diplomatiyada bu cür söz atışmaları kifayət qədər populyardır. İsrail və İran səfirlərinin Azərbaycanın tarixi əraziləri üzərindən mesaj vermələri bizim üçün həssas məsələdir və maraq cəlb edir. Dövlətlər diplomatik nümayəndəliklərin fəaliyyətinə birinci növbədə BMT-nin prinsipləri pozulanda müdaxilə edirlər. Yəni dövlətin ərazi bütövlüyü, suverenliyi şübhə altına alınarsa, əhalisinə qarşı hansısa proses həyata keçirilərsə, hakimiyyətin idarə olunması sisteminə, orduya qəsd olarsa, müdaxilə üçün səbəblər yaranır.

Bütövlükdə diplomatik protokol anlayışı var və buna əsasən, Azərbaycan XİN tərəflərin hər ikisini çağırıb onlarla söhbət apara bilər. Azərbaycan səfirləri ölkənin milli maraqlarına zərbə vurduqlarına görə “persona non-qrata” (arzuolunmaz şəxs) da elan edə bilər. Diplomatik korpusların xarici işlər nazirlikləri üzrə dəftərxanada fəaliyyətləri hesabatlaşdırılır. Bu hesabatlar əsasında da Azərbaycan tərəfi ciddi addımlar ata bilər”.

Siyasi şərhçi qeyd edib ki, bizim diplomatik protokol nöqteyi-nəzərindən səfirlərin savaşına baxmama səbəbimiz hər iki səfirin tvit savaşının ictimai rəyə hesablanmasıdır:

“Bu ictimai rəy tərəflərin Azərbaycana qarşı məqsədini açıq-aşkar ortaya qoyur. Həmçinin həqiqətin ortaya çıxması baxımından Azərbaycan tərəfi maraqlıdır ki, bu güc mərkəzləri kritik anlarda hansı rolu oynayırlar. Diplomatik savaşın söz hissəsi önəmli yerə sahibdir. Lakin üzdə görünən status toqquşmasının alt qatında ciddi əks-kəşfiyyat müharibəsi də gedir. Azərbaycanın açıq formada tərəflərə irad tutmasına ona görə ehtiyac yoxdur ki, bizim əks-kəşfiyyat, xüsusi xidmət orqanları prosesə ciddi nəzarət edirlər”.

Sayad Həsənli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir