“Sahibkarlıq inkişaf edir, mən bunu dəstəkləyirəm və bunun üçün bir çox addımlar atılır. Ancaq burada da bütün qaydalara riayət edilməlidir, xüsusilə həm inşaatda, həm kənd təsərrüfatı sahəsində, turizm sahəsində”
Bunu Prezident İlham Əliyev bu gün Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edən zaman deyib.
“Baxmaq lazımdır, yaradılan obyekt nə dərəcədə bu və ya digər bölgənin memarlıq üslubuna cavab verir, nə dərəcədə müasir normalara cavab verir, bunun inşaat zamanı əmsalı normalara uyğundur, yoxsa yox. Əfsuslar olsun ki, vaxtilə Bakı şəhərində inşa edilmiş bir çox çoxmərtəbəli binalar indi heç bir şəhərsalma normalarına uyğun gəlmir. Nə üçün? Çünki qanunsuz işlər görülüb. Rayon icra başçıları qanunsuz icazələr verib və bunun nəticəsində də faktiki olaraq şəhərsalma prinsiplərinə böyük zərbə dəyib. Ona görə indi bunları düzəltmək çox çətindir. Amma biz indi bu mərhələdə imkan verə bilmərik ki, inşaatda şəhərsalma normaları pozulsun. Məsələn, işğaldan azad edilmiş rayonlarda bütün şəhərsalma, ekoloji normalar 100 faiz gözlənilir, özü də dünyanın ən inkişaf etmiş ölkələrinin standartları əsasında. Bax, siz də öz fəaliyyətinizdə bu məsələlərə ciddi fikir verməlisiniz və nəzarət etməlisiniz”