Soçi şəhərində keçirilmiş üçtərəfli görüşdə 10 noyabr 2020-ci il və 11 yanvar tarixli üçtərəfli bəyanatların icrasının reallaşdırılması, həmçinin Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi əsas müzakirə mövzusu oldu. Təsadüfi deyil ki, sammitin təşəbbüskarı Rusiya Prezidenti Vladmir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüş zamanı bildirdi ki, məqsəd Rusiya, Azərbaycan və Ermənistan arasında bütün razılaşmaların icrasını təmin etməkdir.
Üçtərəfli görüşün nəticəsi olaraq qəbul olunmuş Bəyanatda göstərilir ki, tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə sadiqdir. Qalan məsələlərin, o cümlədən humanitar məsələlər blokunun təxirə salınmadan həllinə yönəlmiş əlavə səylər göstərilməlidir.
Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev Vladimir Putinlə ikitərəfli görüş zamanı bəyan etdi ki, Qarabağ münaqişəsi artıq tarixdir. Azərbaycan Respublikasının və Ermənistan Respublikasının liderləri Rusiya Federasiyasının bundan sonra da Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşmasına, Cənubi Qafqazda sabitliyin və tərəqqinin təmin edilməsinə hərtərəfli şərait yaratmağa hazır olmasını alqışladılar.
Ayrıca qeyd edək ki, İrəvanla Moskva arasındakı inamsızlıq mühiti fonunda Azərbaycanın düşünülmüş siyasəti, həm Rusiya, həm Türkiyə ilə etibarlı tərəfdaşlığı sayəsində regionda yeni təhlükəsizlik arxitekturası qurulur və onun müəllifi də Prezident İlham Əliyevdir. Soçi görüşü zamanı Azərbaycan və Rusiya dövlət başçıları arasında səmimi və isti münasibətlərin olduğunu gördük. Vladimir Putin İlham Əliyevə hörmət və ehtiramla yanaşırdı. Bu onu göstərir ki, Azərbaycan və Rusiya arasında münasibətlər bundan sonra da yüksələn xəttlə inkişaf edəcək. Rusiya Prezidentinin Azərbaycanda rus dilinə və mədəniyyətinə göstərilən diqqətə görə təşəkkürünü bildirməsi də diqqət çəkən məqamlardan biri oldu. Vladimir Putinin bu fikirləri Azərbaycanın multikultural dəyərlərinə verdiyi yüksək qiymət olmaqla yanaşı, digər tərəfdən antirusiya meyillərin kəskin artdığı Erməistana ünvanlanmış ciddi xəbərdarlıq idi. Ümumilikdə Soçi görüşü Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsi idi, burada Azərbaycanın mövqeyindən və iradəsindən kənar heç bir məqam müşahidə olunmadı.
Qənimət İsrafilova,
Cəlilabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müdiri