• Bz. Noy 24th, 2024

İftixarla öpüb gözümüzün üstünə qoyduğumuz bayrağımız

ByVuqar Ferzeliyev

Noy 3, 2022

       Hər bir dövlətin müstəqilliyi və suverenliyini onun dövlət rəmzləri müəyyən edir. Həmin rəmzlərdən biri də, sözsüz ki, bayraqdır. Bayraq bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən, parçadan hazırlanan, dövlət rəmzi olub, müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında asılan və həmin təşkilatı təmsil edən, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur. Bayrağın simvol və anlamlı rəngləri, ümumiyyətlə dəyişilməzdir.Bu mənada, ötən müddət ərzində Azərbaycan bayrağı dövlətçiliyimizin simvolu kimi müasir beynəlxalq münasibətlər sisteminin üst qurumlarında özünün layiqli yerini tutdu. Bu isə, ona görə baş verdi ki, siyasi hakimiyyətdən tutmuş sadə vətəndaşlara qədər hər kəs bayrağı milli qeyrəti və mənliyi kimi qəbul edir. Elə bu səbəbdən də, Prezident İlham Əliyevin Sərəncamı ilə Bayraq Meydanı inşa edilmişdir.  2009-cu il il sentyabr ayının 1-də Bakıda açılışı olmuş Dövlət Bayrağı Meydanını – topların yaylım atəşlərinin müşayiəti ilə hündürlüyü 162 metr olan sütun üzərində üçrəngli bayrağımızın dalğalanmasını bütün dünya seyr etdi. Bununla da, dünya Azərbaycan xalqının üçrəngli bayrağına olan sevgisini və hörmətini gördü.

        Noyabrın 9-da Azərbaycan Respublikasında Dövlət Bayrağı Günü kimi qeyd edilir. Bayrağımız ölkəmizin, dövlətimizin simasıdır. Ulu öndər Heydər Əliyevin  dediyi kimi, “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir.”, “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”.

        Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız daha əzəmətli görünür. Bu bayraqlar hər bir vətəndaş üçün o qədər müqəddəsdir ki, qərar tutduğu yüksəklikdən enməməsi üçün canlar fəda olunub. Düz iki il əvvəl Azərbaycanın Müzəffər Ordusu, dəyanətli, mərd oğulları əzəli torpaqlarımızda at oynadan erməni faşistlərinə qarşı Vətən müharibəsində qalib gələrək tarix yazmışlar. Onlar bayrağımızı başları üzərində uca tutaraq ölümün gözünə dik baxmılar.  Bayrağımız onlara ağır vuruşmalarda güc vermişdir. Buna görə də üçrəngli bayrağımızı daim yüksəklərdə dalğalandırmaq hər birimizin müqəddəs borcudur. Və bu günlər biz Bayraq bayramımızı da Zəfər bayramı kimi təntənə ilə qeyd edirik. Bizim Zəfərimiz isə, tarixi mövqe baxımından da Bayrağımızla yanaşı dayanır.

                                                               Seymur Abbasov,

Cəlilabad RİH-in əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir