Bir neçə gün öncə İran Parlamentinin spikeri Məhəmməd-Baqir Qalibafın Azərbaycana səfər edəcəyi barədə məlumat yayılıb.
Bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığında məlumat verib.
Lakin diplomatik mənbələrdən Oxu.Az-a daxil olan məlumata əsasən, Qalibafın ölkəmizə səfəri İran tərəfindən müvafiq xəbərdarlıq edilmədən, birtərəfli şəkildə ləğv olunub.
Bu azmış kimi, spikerin bu günlərdə İrəvana səfər edəcəyi bildirilib.
Qeyd edək ki, İran tərəfinin bu qərarı onun bölgə siyasətinin mahiyyətini bir daha ortaya qoyur. Rəsmi Tehran öz qərarı ilə Bakı ilə İrəvan arasındakı seçimdə ikinciyə üstünlük verdiyini təsdiqləyir.
Bununla da, İran Azərbaycana qarşı münasibətində növbəti dəfə əsl simasını göstərmiş olur.