• Bz. Noy 24th, 2024

Ərəb mediasında İlham Əliyevin Əlcəzairdəki sammitdə çıxışı barədə materiallar yayımlanıb – FOTO

ByYenigun.news

Noy 4, 2022

Əlcəzair, Misir, Səudiyyə Ərəbistanı və Küveytin kütləvi informasiya vasitələrində Azərbaycan Prezidenti İlham Əliyevin Əlcəzairdə Ərəb Dövlətləri Liqasının 31-ci Sammitindəki çıxışı barədə geniş materiallar yayımlanıb.

AZƏRTAC xəbər verir ki, Əlcəzairin “Əl Hİvar”, “Horizons” qəzetlərində, “Savtaləhrar”, “Bak-press”, “Əl Hərir” portallarında, habelə “Entv” telekanalı və “Radio Algeria” dövlət radiosunun saytlarında “İlham Əliyev: Qoşulmama Hərəkatı ilə Ərəb Liqası arasında əməkdaşlıq inkişaf edəcək” sərlövhəli xəbərlər yayımlanıb.

Xəbərlərdə qeyd olunub ki, Prezident İlham Əliyev Əlcəzair Prezidentinə və Ərəb Dövlətləri Liqasının Baş katibinə dəvətə görə dərin təşəkkürünü bildirib, bunu dostluq və qardaşlıq əlaməti hesab etdiyini deyib. O əlavə edib: “Bu mötəbər Sammitdə iştirak etmək və ölkələrimiz arasında birliyi nümayiş etdirmək mənim üçün böyük şərəfdir. Əlcəzairi belə bir xüsusi gündə, Milli Azadlıq Günündə, Milli Ləyaqət Günündə ziyarət etmək məndə xüsusi məmnunluq doğurur”.

Əlcəzair ictimaiyyətinin diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyev Sammitdə Qoşulmama Hərəkatının sədri kimi iştirak etdiyini, eyni zamanda, Azərbaycanın Ərəb Dövlətləri Liqasına üzv olan dövlətlərlə çox yaxşı münasibətləri olduğunu qeyd edib. O, əmin olduğunu bildirib ki, yaxın gələcəkdə bu əməkdaşlıq genişlənəcək, yeni xarakter və yeni dinamika alacaq.

Daha sonra vurğulanıb ki, Prezident İlham Əliyev Azərbaycanın da Əlcəzair kimi işğaldan əziyyət çəkdiyini, torpaqlarımızın otuz il Ermənistanın işğalı altında qaldığını diqqətə çatdırıb və bütün bu işğal illəri ərzində həmişə ərəb qardaşlarının, İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin dəstəyini hiss etdiyini əlavə edib. Azərbaycanın dövlət başçısı bildirib ki, onun ölkəsi də öz növbəsində bütün beynəlxalq forumlarda müsəlman qardaşlarına dəstəyini əsirgəməyib.

Prezident İlham Əliyevin Ərəb Sammitindəki çıxışı Səudiyyə Ərəbistanı mediasının da diqqət mərkəzində olub. “Saudi Press” agentliyinin saytında, “Acel” və “Saudisalari” qəzetlərində yayımlanan “Azərbaycan Prezidenti ərəb və İslam ölkələrini dəstəklədiyini bəyan edib” sərlövhəli xəbərlərdə qeyd olunub ki, Sammitdə Qoşulmama Hərəkatının sədri kimi iştirak etdiyini diqqətə çatdıran İlham Əliyev, eyni zamanda, öz ölkəsinin Ərəb Dövlətləri Liqasına üzv olan dövlətlərlə çox yaxşı münasibətləri olduğunu söyləyib. Azərbaycanın yaxın gələcəkdə ərəb dövlətləri ilə əməkdaşlığının genişlənəcəyinə, yeni xarakter və yeni dinamika alacağına əminliyini ifadə edən Prezident İlham Əliyev vurğulayıb ki, onun ölkəsi ərəb və İslam ölkələrini dəstəkləyir və Ermənistanın işğalı dövründə qardaş ölkələrin dəstəyini hiss edib.

Misir və Küveyt mediası da Azərbaycanın dövlət başçısının Ərəb Sammitində çıxışına geniş yer ayırıb. “Əl Nahar”, Əl Vatan”, “Əxbar Əl Yom”, “Cümhuriyyə” qəzetlərində, habelə “Youm7”, “Dasmannews” portallarında dərc olunmuş “Qoşulmama Hərəkatının Sədri işğal dövründə ərəblərin onun ölkəsini dəstəklədiyini bildirib” sərlövhəli materiallarda dövlətimizin başçısının çıxışından əsas məqamlar yayımlanıb. Xəbərlərdə diqqətə çatdırılıb ki, Sammitdə Qoşulmama Hərəkatının sədri qismində Fəxri qonaq kimi iştirak edən Prezident İlham Əliyev aktual qlobal məsələlərə öz münasibətini bildirib. İşğalı və beynəlxalq siyasətdə ikili standartları pisləyən Azərbaycan Prezidenti qeyd edib ki, Fransa 130 ilə yaxın Əlcəzairi işğal altında saxlayıb və onun ölkəsi də Ermənistanın işğalına məruz qalıb. Bu illər ərzində ərəb və İslam dövlətlərinin Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini qeyd edən İlham Əliyev bildirib ki, Azərbaycan BMT-nin Nizamnaməsi əsasında özünümüdafiə hüququndan istifadə edərək öz ərazilərini azad edib və hazırda həmin torpaqlarda bərpa və tikinti işləri aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir