• Ç. Noy 27th, 2024

“İran 44 günlük müharibənin nəticələrini qəbul edə bilmədi” – “Kaspi”nin ŞƏRHİ + FOTO

ByYenigun.news

Fev 4, 2023

Fars molla rejimi müstəqilliyin ilk illərindən başlayaraq, Azərbaycana düşmən münasibəti bəsləyib, burada özünün casus şəbəkəsini formalaşdırmağa çalışıb. Müxtəlif dini, ideoloji çətirlər altında özünün təsir zonasını yaradıb. İndi həmin şəbəkədən dövlətimizə qarşı istifadə etmək planları var. 

İran qonşu ölkələrə qarşı heç vaxt dürüst davranmayıb və yeri gəldikdə müxtəlif yollarla onlara təsir etmək niyyətini açıq şəkildə göstərib. Bu siyasət Azərbaycana münasibətdə də həmişə hiss olunub. Fars molla rejimi müstəqilliyin ilk illərindən başlayaraq, Azərbaycana düşmən münasibəti bəsləyib, burada özünün casus şəbəkəsini formalaşdırmağa çalışıb. Müxtəlif dini, ideoloji çətirlər altında özünün təsir zonasını yaradıb. Bu işlər “müsəlman qardaş”, “yaxın qonşu” maskası arxasında edilib. Xeyli sayda Azərbaycan vətəndaşı da bu tələyə düşüb, İran maraqlarının təmsilçisinə çevrilib. Elə sosial şəbəkələri izləməklə də bunu hiss etmək mümkündür.  

İkinci Qarabağ müharibəsində və ondan sonra baş verənlər artıq İranın bu maskalarının hamısının cırılması, iç üzünün açılması ilə nəticələnib. Hamımız Vətən müharibəsi dövründə və ondan sonra İranın işğalçı Ermənistanın yanında olduğunu aydın şəkildə gördük. Buna görə də Azərbaycanla İran arasında diplomatik münasibətlər getdikcə gərginləşməyə başlayıb. Sonda İranın molla rejimi “çıxış yolu”nu terrorda görüb. Azərbaycanın Tehrandakı səfirliyinə qarşı təşkil edilən xain terror hücumu nəticəsində bir zabitimiz şəhid olub, iki nəfər yaralanıb.

Yırtıcı mahiyyət daşıyan İran rejimi paralel olaraq özünün Azərbaycanda vaxtilə formalaşdırdığı şəbəkəni aktivləşdirməyə çalışıb. Təbii ki, bunun qarşısı alınmalı idi və artıq bu proses başlayıb. Ötən həftə boyu Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən İranın Azərbaycandakı casus şəbəkəsinə qarşı müxtəlif əməliyyatlar keçirilib. Son bir neçə gündə Daxili İşlər Nazirliyi tərəfindən keçirilən xüsusi əməliyyatda 39 nəfər saxlanılıb. Saxlanılanlar arasında “SalamNews” informasiya agentliyi və “İnteraz” telekanalının rəhbəri “Hacı Mətləb” kimi tanınan Mətləb Bağırov da var.

Azərbaycan cəmiyyəti də bu casus şəbəkələrinin aşkar olunması və zərərsizləşdirilməsi istiqamətində atılan addımları dəstəkləyir.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik:

“Vətəndaşlarımız daim ayıq-sayıq olmalıdırlar”

Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev bildirib ki, İran xüsusi xidmət orqanlarının Tehranda törətdiyi cinayət birmənalı şəkildə terror hadisəsi idi:

“Avtomat və digər vasitələrlə silahlanmış bir terrorçunun Azərbaycanın İrandakı səfirliyinə hücumu və nəticədə bir əməkdaşın şəhid edilməsi birmənalı şəkildə İranın Azərbaycana qarşı münasibətidir və gərginliyin pik həddə çatdırılmasıdır”. 

“İran 44 günlük müharibənin nəticələrini qəbul edə bilmədi”

A.Nağıyev vurğulayıb ki, hələ 90-cı illərin ortalarında İran Azərbaycanda islam rejiminin yaradılması istiqamətində çalışıb:

“İran 44 günlük müharibənin nəticələrini qəbul edə bilmədi. Eyni zamanda, 140 kilometrlik sərhəd bağlandı, hansı ki, bu nəzarətsiz zonadan öz maraqları üçün yararlanırdı. Azərbaycanın öz sərhədlərində nəzarəti bərpa etməsi ilə bu zonadan narkotik vasitələrin keçirilməsinin qarşısı alındı. İran bu gün də çalışır ki, Zəngəzur dəhlizinin açılmasına mane olsun. İran Azərbaycanın nüfuzunun artmasından qorxduğundan, yürütdüyü müstəqil siyasətdən çəkindiyindən bu hərəkətləri edir. Son günlər din adı ilə pərdələnmiş agentlərə qarşı hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatlar, casus şəbəkəsinə aid şəxslərin həbsləri bəzi məqamları ortaya qoymuş oldu. Onlar Azərbaycan haqqında məlumatların toplanması və İrana göndərilməsi ilə məşğul olublar. Burada Tehrandan gələn tapşırıqların icrası ilə gərginlik yaratmağa çalışıblar. Lakin onlar məqsədlərinə nail ola bilməyəcəklər. Çünki Azərbaycanda tam şəkildə əməliyyat şəraitinə nəzarət olunur. Azərbaycanın xarici və daxili siyasəti dönməzdir. Burada ölkəmizin ərazi bütövlüyü, suverenliyi, hər bir vətəndaşın rifahı əsas meyardır. Bu durumda vətəndaşlarımız da daim ayıq-sayıq olmalı və düşmənin məkrli niyyətinin qarşısını almaq üçün hüquq-mühafizə orqanlarına dəstək verməlidirlər”.   

“Bu məsələ birdəfəlik, kökündən həll olunmalıdır”

Millət vəkili Ceyhun Məmmədov da bildirib ki, Azərbaycanda İrana məxsus casus şəbəkələrinin ifşa olunması və zərərsizləşdirilməsi üçün atılan addımlar çox önəmlidir:

“Çünki İran Azərbaycanda böyük bir şəbəkə yaradıb. Bu şəbəkə irançılığı, farsçılığı təbliğ edir və gənclərimizin beyinlərini yumağa çalışır. Ona görə də hüquq-mühafizə orqanlarının bu cür əməliyyatlar keçirmələri önəmlidir. Dövlət qurumlarının da bu istiqamətdə fəaliyyəti təqdirəlayiqdir. Hesab edirəm ki, bizim bu istiqamətdəki fəaliyyətimiz davamlı xarakter almalı və bu məsələ birdəfəlik, kökündən həll olunmalıdır”.

“Əgər bu gün bunu etməsək…”

C.Məmmədov qeyd edib ki, İran qurduğu şəbəkələr vasitəsi ilə  Azərbaycan əleyhinə təbliğat aparmağa çalışır:

“Təbii ki, onların əsas hədəfi və məqsədi Azərbaycan dövlətini zəiflətmək və yıxmaqdır. Bu baxımdan, dövlət qurumlarımızın üzərinə böyük bir vəzifə düşür. Biz bu təxribatların qarşısını çox qətiyyətlə almalıyıq ki, dövlətimizin təhlükəsizliyini, müstəqilliyini və suverenliyini ən yüksək formada qoruyaq. Əgər bu gün bunu etməsək, növbəti mərhələdə bizi çox ciddi problemlər, çətinliklər gözləyə bilər. Ona görə də casus şəbəkələrinin ifşası və zərərsizləşdirilməsi istiqamətində işləri davam etdirməliyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir