“Azərbaycanın bugünkü inkişaf hekayəsi dinamik keçid dövrüdür, çünki ölkə iqtisadiyyatını şaxələndirmək və modernləşdirmək üçün əhəmiyyətli yanacaq və mineral sərvətlər ehtiyatını istifadə etməyə meyillidir. Ola bilsin ki, əhalisi 10 milyondan bir qədər çox olan bu ölkə kiçik ola bilər, lakin müstəqillik əldə etdiyi üç onillikdən bir qədər çox müddət ərzində sürətlə inkişaf edən bir ölkəyə çevrilib. Azad ticarət sazişləri və regional qonşularla müqayisədə üstün nəqliyyat əlaqələri sayəsində Azərbaycan özünü beynəlxalq ticarət və investisiyalar üçün perspektivli mərkəz kimi təsdiqləyib”.
“Report” xəbər verir ki, bu fikirlər “The Telegraph” nəşrində dərc olunan yazıda əksini tapıb.
“Sürətli modernləşən Azərbaycan beynəlxalq ticarət və investisiya mərkəzinə çevrilib” adlı məqalə Azərbaycanın coğrafi mövqeyini təsvir edib, eyni zamanda ölkənin “Odlar yurdu” adlanmasını xatırladaraq bu ərazinin enerji qaynaqları baxımından zəngin olduğunu diqqətə çatdırıb:
“Müasir Azərbaycan, beynəlxalq ticarət və investisiya mərkəzi kimi, özünün nüfuzunu daha da artırmağa meyillidir. Əslində, Azərbaycan, xüsusən də Bakı, hələ qədim İpək Yolundan öncə də təminat xətlərində əsas rol oynayıb. Ola bilsin ki, bu, “Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi” kimi qlobal jarqonla əvəzlənib, lakin məna eynidir: Azərbaycan vasitəsilə böyük həcmdə iş aparılır. Ukraynada müharibənin başlaması Bakının yüksəlişini sürətləndirib, beynəlxalq firmalar daha sabit zəmin üçün Moskvadan cənuba köçmək istəyirlər”.
Qəzet Azərbaycanın “yumşaq güc”ün vacib olduğunu dərindən dərk etdiyini də vurğulayıb:
“Azərbaycanın beynəlxalq reputasiyasının formalaşmasının əsas amillərindən biri 2016-cı ildən bəri paytaxtda keçirilən Azərbaycan Qran Prisi olub. Azərbaycanda müntəzəm əsaslarla keçirilən yarış özündə böyük idman tədbiri ehtiva edir”. Bildirilib ki, bu tədbirlə şəhərin sürətlə inkişafı, ölkənin dünya arenasında artan nüfuzu, eyni zamanda onun iqtisadi yolunun metaforu nümayiş olunub.
Qeyd olunub ki, Azərbaycan enerji portfelinin şaxələndirilməsinin vacibliyini çox yaxşı anlayır:
“Neft və qaz hələ də ixracın böyük hissəsini və ÜDM-in təxminən 50 faizini təşkil edir, lakin qeyri-neft sektoru inkişaf edir və hökumət növbəti onillikdə bərpa olunan enerji mənbələrini maliyyələşdirməyi öhdəsinə götürüb. 2030-cu ilə qədər bərpa olunan mənbələrdən 1500 meqavat istehsal olunacaq ki, bu da elektrik enerjisinin 30%-ni təmin edəcək.
Daha müasir enerji dünyagörüşünə uyğun olaraq, Azərbaycan hökuməti növbəti onillik üçün yeni sosial-iqtisadi inkişaf strategiyasını qəbul edib, burada “təmiz ətraf mühit və yaşıl inkişaf” prioritet sahələr kimi müəyyən edilib və bu yaxınlarda “Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Dəniz Küləyi enerjisi üzrə Yol Xəritəsi” işə salınıb. Burada əhəmiyyətli Xəzər sahil zolağından tam istifadə edən bir dünyagörüşü ortaya qoyulur və tam inkişaf etdiyi təqdirdə ölkənin dəniz külək sektorunun ildə 157 giqavat istehsal edə biləcəyi güman edilir”.
Yazıda həmçinin Azərbaycanda İT sahəsində sıçrayış yaşadığı nəql edilib. Nəşr yazıb ki, İT və kommunikasiya sahələri pandemiya dövründə “uğur hekayəsinə çevrilib”. Eyni zamanda, ölkədəki kibertəhlükəsizlik və infrastruktur mühitinin Böyük Britaniya biznesi üçün geniş imkanlar açdığı bildirilib.
Lakin qəzet Azərbaycanda xüsusilə səhiyyə sahəsindəki islahatı diqqət mərkəzinə gətirib:
“2016-cı ildə hökumət icbari sosial tibbi sığorta sxemini tətbiq edib, yeni dövlət agentliyi yaradıb, həmçinin dövlət və özəl investisiyaların artmasına qapı açıb. Bununla belə, ölkə hələ də teletibb və diaqnostika texnologiyasından tutmuş mütəxəssis qayğısı və cərrahiyyə xidmətinə qədər bütün sahə üzrə daha təcrübəli təminatçılardan istifadə etməlidir”.
Bu xüsusda nəşr Böyük Britaniyanın tibbi xidmətlər və texnologiya sahəsində dərin biliyi və təcrübəsini xatırladaraq onların bu sahədə töhfə verə biləcəyinə işarə edib.
“Şübhəsiz ki, Azərbaycan Böyük Britaniya bizneslərinə geniş imkanlar təklif edən bazardır. İki ölkə arasında ticarət son on iki ayda 1,1 milyard funt sterlinq təşkil edib və bu, görünür, növbəti illərdə yalnız artacaq”.