Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) tərəfindən Macarıstan, Estoniya, Avstriya və ABŞ-də Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş silsilə anım günü tədbirləri keçirilib.
Tədbirlərdə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb və tədbirlərin açılışında bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edib və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutublar.
Macarıstanın Budapeşt şəhərində ASAP Macarıstan tərəfindən təşkil edilən və Azərbaycan Evində keçirilən tədbirdə Budapeşt Azərbaycan Evinin rəhbəri Qarabağ münaqişəsinin tarixi və Xocalı soyqırımı haqqında məlumat verərək, iştirakçıları tarixi yada salmağın necə önəmli olduğunu və “Gələcəkdə dünyada soyqırımının qarşısının alınmasında gənclərin rolu” mövzusunda iştirakçıları müzakirəyə cəlb edib. Görüşdə qonaq spiker kimi çıxış edən Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktor müavini Şahin Camalov gənclərə soyqırımının qarşısının alınmasında beynəlxalq hüquq normaları barədə məlumat verib və gənclərin suallarını cavablandırıb.
Həmçinin Estoniyanın Tartu və Tallin şəhərlərində ASAP tərəfindən Xocalı faciəsinə həsr edilmiş anım tədbirləri keçirilib. Anım tədbirlərində iştirak edən xarici ölkələrin tələbələrinə Xocalı soyqırımı ilə bağlı məlumat verilib. Daha sonra isə Xocalı həqiqətlərini özündə əks etdirən “Sonsuz dəhliz” filmi nümayiş olunub. ASAP Estoniya tərəfindən filmin sonunda izləyicilərlə birgə filmlə bağlı müzakirələr aparılıb.
ABŞ-nin Nyu York şəhərində yerləşən Kolumbiya Universitetində Azərbaycan Xocalı soyqırmının 31-ci ildönümü ilə əlaqədar konfrans keçirilib. ASAP ABŞ-nin fəal üzvü Günay Məmmədova tədbirin açılış nitqini səsləndirib və moderator kimi iştirak edib. Tədbir Qarabağ və regiondakı mövcud vəziyyətlə bağlı həqiqətlərin dünyaya çatdırılması, bölgədəki sülh prosesinə diqqətin cəlb olunması məqsədi ilə keçirilib.
Avstriyanın Vyana şəhərində isə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Avstriyada, Almaniyada və Macarıstanda fəaliyyət göstərən ASAP komandaları tərəfindən tədbir iştirakçılarına Xocalı soyqırımı haqqında məlumat verilib, onların sualları cavablandırılıb.