Tehran rejiminin sərt cəza tədbirlərinə, qanunsuzluqlarına, hüquq-mühafizə orqanlarının zorakılıqlarına baxmayaraq, İranda etiraz aksiyaları davam edir.
“Report” xəbər verir ki, yürüş və mitinqlər, əsasən, Təbriz, Qərbi və Şərqi Azərbaycan, Kürdüstan, Ərdəbil, Mazandaran, Xuzistan və bir sıra əyalətlərdə keçirilir.
Aksiyalarda “Diktatora ölüm!”, “Xameneiyə ölüm!”, “Uşaq öldürən hökumətə ölüm!”, “Qadın, Həyat, Azadlıq!” və bu kimi şüarlar səsləndirilib.
Eyni zamanda, fəallar müxtəlif şəhərlərdə Azərbaycan bayrağı qaldırıblar.
Vətəndaşlar istəklərinin həyata keçirilməsi üçün yaşıl düyün (yaşıl otları düyünləmək) adət-ənənəsinə uyğun olaraq İslam Respublikasını devirmək arzusu ilə təbiət qoynunda yaşıl düyünlər bağlayıblar. İnsanlar bununla xalqın azadlığına ümidlərini ifadə ediblər.
Bundan başqa, Mazandaran əyalətinin Nouşəhr şəhərində “Qadın, Həyat, Azadlıq!” şüarlarının səsləndirildiyi etiraz aksiyası zamanı İranın xüsusi xidmət orqanlarının agentləri tərəfindən öldürülən Hənane Kiyanın valideynləri İranın azadlığı və övladlarının qatillərinin tapılması üçün yaşıl düyün (yaşıl otlar) bağlayıblar.
Bundan başqa, qadınlar küçələrdə hicabsız rəqs ediblər.
Şərqi Azərbaycan əyalətinin Miyana şəhərində yeddi iş yerinin lisenziyası hicab örtmək məcburiyyətinə riayət edilmədiyi üçün ləğv olunub.
Ərdəbil əyalətindəki Heyran aşırımında etirazçılar Təbiət Günü mərasimi zamanı hökumət əleyhinə şüarlar səsləndiriblər.
Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbriz şəhərində Təbiət Günündə hicabsız gənc qız xalq arasında Azərbaycan rəqsi edib, hicablı qadın isə onu təbrik edib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Xuzistan əyalətinin Həftqol meydanında Qaşqay türkləri 13-cü Bədr mərasimini rəqs və şənliklə qeyd ediblər. Mərasimə hicablı və başıaçıq qadınlar, eyni zamanda, kişilər qatılıblar.
Təbiət Günü münasibətilə bir qrup qadın Məscidi-Süleyman şəhərində kişilərlə bərabər və hicabsız formada rəqs edib, əyləniblər.
Xuzistan əyalətinin təqaüdçüləri yaşayış şəraitinin pis olmasına və Ali Əmək Şurasının qərarına etiraz əlaməti olaraq toplaşaraq, “Təqaüdçünün soyuducusu əvvəlkindən daha boş”, “Dünənin döyüşçüləri, bu günün acları” şüarlarını səsləndiriblər.
Əhvaz şəhərinin bir qrup təqaüdçüsü və sosial təminat pensiyaçısı Xuzistanın Sosial Müdafiə Baş İdarəsi qarşısında yaşayış şəraitinin pis olmasına və onların tələblərinin nəzərə alınmamasına etiraz ediblər. Aksiyada “Təqaüdçü problemi nə vaxt həll olunacaq?”, “Bahalı inflyasiya insanların həyatının bəlasıdır” şüarları səsləndirilib.
Şuş şəhərinin bir qrup təqaüdçüsü isə “Yalnız küçənin döşəməsi bizim haqqımızdır” şüarı ilə küçələrə çıxıblar.
Kürdüstan əyalətində Kürdüstan Müəllimlər Birliyi elan edib ki, müəllim, ictimai fəal Süleyman Abdin həbsdən buraxılmasa, üzvləri Saqqız şəhərindəki təhsil müəssisəsi qarşısında etiraz aksiyası keçirəcəklər.
İranda şagird və tələbələrin müəmmalı zəhərlənməsi də davam edir. 22 Bəhmən adına Qız Məktəbinin şagirdləri zəhərləniblər, beş şagirdin isə vəziyyəti ağır olduğundan İmam Sulduz xəstəxanasına aparılıb.
Bundan başqa, ABŞ-nin Virciniya ştatındakı bir parkda İran əsilli şəxslər Novruzun 13-cü günü mərasim keçirərək qiyamda həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Almaniyanın Düsseldorf şəhərində iranlılar builki Novruz mərasimini İrandakı inqilabi üsyana dəstək olaraq düzənləyiblər. Mərasimdə çıxış edənlər deyiblər:
“Biz iranlıyıq. Harada olsaq da, öz mədəniyyətimiz və dilimiz var. Bununla da ölkəmizin mədəniyyətini və dilini geri alırıq”.
İranlılar Böyük Britaniyanın paytaxtı Londonun Trafalqar meydanında aksiya keçiriblər. Etirazçılar “Qadın, Həyat, Azadlıq!”, “Kişi, Vətən, Abadlıq”, “İran hazırdır, Əmr ver, Şahzadə” şüarları səsləndiriblər.