• Ça. Noy 26th, 2024

“Kişineu görüşü dialoq mühitinin davamlılığı baxımından müsbət qiymətləndirilməlidir” – RƏY + FOTO

ByYenigun.news

İyn 2, 2023


“Prezident İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniya Kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makron arasında qeyri-rəsmi görüş dialoq mühitinin davamlılığı və Azərbaycanın yeni reallıqları baxımından müsbət qiymətləndirilməlidir. İlk olaraq ona görə ki, Azərbaycan bizim üçün məqbul platforma olan Brüssel prosesinin davamlılığını təmin edə bildi.

Əlbəttə, bu, ciddi uğurdur və aydındır ki, məsələnin kökündə Vətən müharibəsində Azərbaycanın əldə etdiyi qələbə və İlham Əliyevin yaratdığı müstəsna reallıq dayanır”.

Bunu “Report”a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O xatırladıb ki, Brüssel prosesi Fransanın dağıdıcı fəaliyyəti ilə faktiki olaraq pozulmaq üzrə idi və yalnız yeddi ay sonra, bu il mayın 14-də yenidən bərpa olunmuşdu:

“Lakin prosesin davamlılığı üçün növbəti təmas vacib idi və dialoqun məhz “Avropa siyasi birliyi”nin Zirvə görüşü çərçivəsində davam etməsi prinsipial əhəmiyyət daşıyırdı. Çünki Fransa Brüssel formatını məhz “Avropa siyasi birliyi”nin birinci Zirvə görüşündə hədəfə almışdı.

İkinci vacib məqam, Azərbaycanın bu prosesə yeddi ay öncəki təmaslardan daha güclü və daha geniş imkanlara malik formada qatılması oldu. Bildiyiniz kimi, ötən dövr ərzində qan tökmədən və peşəkarcasına həyata keçirilən 10-dan artıq əməliyyat tədbirləri ilə Azərbaycan Ordusu ciddi strateji mövqelərdə möhkəmlənib. Həmçinin bütün beynəlxalq hüquqazidd təsirlərə baxmayaraq, Azərbaycan suveren hüquqlarını reallaşdıraraq Laçında sərhəd-buraxılış məntəqəsi qurmaqla regionun əsas iradə sahibi kimi özünü bir daha təsdiqləyib. İlham Əliyev beynəlxalq ictimaiyyətə Azərbaycan-Ermənistan sülh müqaviləsi üzrə danışıqlar prosesi ilə Qarabağ erməniləri məsələlərinin tamamilə ayrı mövzular olduğunu, Qarabağda reinteqrasiya probleminin Azərbaycanın daxili işi olduğunu qəbul etdirə bilib. Şarl Mişelin də dünən mediaya açıqladığı mövqeyinə diqqət etsək, açıqlamasında bu istiqamətdə sual doğuracaq məqam yoxdur”.

Deputatın sözlərinə görə, Kişineu görüşünün digər vacib məqamı birinci Zirvə görüşündə pozuculuq edə bilmiş Fransanın budəfəki təmaslarda faktiki zərərsizləşdirilməsi oldu:

“Yəni Emmanuel Makron və Olaf Şoltsun beştərəfli müzakirələrdə iştirakı bütövlükdə qeyri-formal xarakter daşıdı. Üstəlik, Prezident İlham Əliyev bu formatı fürsətə çevirdi və Azərbaycanın ötən dövr ərzində dəyişdiyi reallıq birbaşa Fransa və Almaniya liderlərinin diqqətinə çatdırıldı.

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə təmasların növbəti mərhələsi kimi Kişineu görüşünün digər mühüm nüansı ondan ibarət oldu ki, Prezident İlham Əliyevin 2023-cü ilin sülh üçün son şans ili olması tezisini artıq bütün tərəflərin qəbullandığı müşahidə edildi. Bu qənaət tərəflərin Kişineuda bir daha sülh müqaviləsi üzrə danışıqların intensivləşdirilməsinin vacibliyi qərarında ifadə olundu.

Kişineu görüşünün bütövlükdə əhəmiyyətinə gəlincə, biz istənilən müzakirə platformasını qiymətləndirmək üçün öncə müstəvinin xarakteri və məqsədlərinə diqqət yetirməliyik. Brüssel prosesinə gəlincə, biz unutmamalıyıq ki, Şarl Mişelin vasitəsilə aparılan müzakirələr daha çox intensiv və effektiv koordinasiya xarakteri daşıyır və bu isə İlham Əliyevin ən qısa müddətdə sülhə nail olunması mövqeyi ilə üst-üstə düşür. Bilirsiniz ki, beştərəfli görüşdə məhz dialoqun intensivləşdirilməsi mövqeyi ifadə olundu və qərara alındı ki, Brüsseldə iyulun 21-də üçtərəfli görüş keçirilsin. Eyni zamanda bu dövr ərzində xarici işlər nazirləri Vaşinqtonda sülh müqaviləsi ilə bağlı detalları müzakirə etmək üçün növbəti dəfə görüşəcəklər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir