• Be. Noy 25th, 2024

İlham Əliyev italiyalı həmkarını təbrik etdi

ByYenigun.news

İyn 2, 2023


Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarella təbrik məktubu ünvanlayıb. 

President.az xəbər verir ki, məktubda deyilir:

“2 İyun – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Qarşılıqlı etimada və xoş ənənələrə əsaslanan Azərbaycan-İtaliya münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Güclü siyasi əlaqələrimiz gündən-günə genişlənən ticari, iqtisadi, enerji, təhsil, mədəni və digər sahələrdə əməkdaşlığımızın və çoxölçülü strateji tərəfdaşlığımızın təməlini təşkil edir. Bu da öz növbəsində, dövlətlərimizin maraqlarına və xalqlarımızın mənafelərinə xidmət edərək onları bir-birinə daha da yaxınlaşdırır.

İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır. İqtisadi sahədə səmərəli fəaliyyətimizin yüksələn xətlə inkişaf etməsi bizi sevindirir. Bunun da əsas tərkib hissələrindən birini enerji sahəsində uğurlu və davamlı əməkdaşlığımız təşkil edir. Şadam ki, bu istiqamətdə birgə atdığımız addımlar Avropanın enerji təhlükəsizliyinə töhfə verərək, eyni zamanda, Azərbaycan-İtaliya əməkdaşlığını möhkəmləndirir.

İtaliya şirkətlərinin Azərbaycanda, xüsusilə də işğaldan azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma və bərpa işlərində fəal iştirakını təqdir edirik. Ölkənizi təmsil edən şirkətlər Qarabağ və Şərqi Zəngəzurda ən çox iş görən şirkətlər sırasındadırlar ki, bu da dövlətlərarası əlaqələrimizin səviyyəsindən xəbər verir.

Biz dost ölkə və etibarlı strateji tərəfdaşımız olan İtaliya ilə əlaqələrimizin genişlənməsinə xüsusi əhəmiyyət verir, qeyri-neft sektorunda birgə fəaliyyətimizi şaxələndirmək və yeni məzmunla zənginləşdirmək əzmindəyik. Apardığımız ali səviyyəli siyasi dialoq, çoxsaylı qarşılıqlı səfərlər, imzalanmış sənədlər, həyata keçirilən birgə layihələr əməkdaşlığımızın yeni istiqamətlərinin müəyyən edilməsində mühüm rol oynayır. Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafına İtaliyanın daim verdiyi dəstəyi yüksək qiymətləndiririk.

Əminəm ki, Azərbaycan ilə İtaliya arasındakı ənənəvi dostluq münasibətləri, həm ikitərəfli, həm də Avropa İttifaqı çərçivəsində səmərəli əməkdaşlığımız dost xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da genişlənəcək, strateji tərəfdaşlığımız daha da dərinləşəcəkdir.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost İtaliya xalqına daim firavanlıq və əmin-amanlıq diləyirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir