“Rusiya sülhməramlılarına qarşı ittihamlar əsassızdır”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə NEWS.ru-nun sualını cavablandırarkən deyib.
O, Ermənistan XİN-nin narazılığına cavab olaraq bu məsələ ilə bağlı mediada ritorikanın kəskinlik dərəcəsini azaltmağı qətiyyətlə tövsiyə edib.
Zaxarovanın sözlərinə görə, sülhməramlılar regionda vəziyyətin normallaşdırılması, sabitləşdirilməsi vəzifələrini aydın şəkildə yerinə yetirmək üçün tərəflərlə sıx əməkdaşlıq edirlər.
“İyunun 15-də Ermənistan tərəfdən Laçın yolunda baş vermiş insident Ermənistan-Azərbaycan sərhədinin delimitasiya olunmaması ilə bağlı ümumi problemlə əlaqəlidir. Rusiya tərəfi dəfələrlə Moskvanın məsləhətçi köməyi ilə ikitərəfli komissiyanın səmərəli və hərtərəfli işinə başlamağı tövsiyə edib. Biz sərhəd xəttinin müəyyənləşdirilməsində, o cümlədən tərəflər arasında növbəti mübahisə obyektinə çevrilmiş bu sahədə kömək etməyə hazırıq”, – Zaxarova bildirib.