• Ca. Noy 28th, 2024

Ombudsman Ermənistanda əsir götürülən Azərbaycan hərbçiləri ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

ByYenigun.news

İyn 22, 2023


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən əsir götürülmüş və qanunsuz olaraq azadlıqdan məhrum edilmiş hərbi qulluqçularımızın dərhal azad olunması ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.

Ombudsman Aparatından verilən məlumata görə, müraciətdə bildirilib ki, cari ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində itkin düşməklə Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan Ordusunun əsgərləri Aqşin Qabil oğlu Bəbirov və Hüseyn Əhliman oğlu Axundov saxta ittihamlarla azadlıqdan məhrum olunublar:

“Bu müddət ərzində beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarına zidd olaraq onların müxtəlif işgəncələrə və pis rəftara məruz qalmaları Ermənistanın ölkəmizə qarşı etnik nifrət zəminində düşmənçilik siyasəti apardığını bir daha təsdiq edir.

Bununla əlaqədar dəfələrlə müraciət olunmasına baxmayaraq, Ermənistan hakimiyyəti hərbi qulluqçularımıza qarşı qanunsuz qərarların qəbul edilməsinə rəvac verməklə beynəlxalq hüququn tələblərini növbəti dəfə kobud şəkildə pozub.

Günahsız hərbi qulluqçularımıza münasibətdə qərəzli qərarların qəbul edilməsi və digər bu kimi təxribatçı addımların atılması iki ölkə arasında dayanıqlı sülhün təmin olunması istiqamətində aparılan danışıqları pozmaq məqsədi daşıyır.

Hesab edirik ki, Ermənistanda saxta məhkəmə hökmü ilə tamamilə qanunsuz olaraq azadlıqdan məhrum edilmiş hərbi qulluqçularımız dərhal azad edilməlidirlər.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq, yenidən beynəlxalq ictimaiyyətə müraciət edərək, əsir götürülməklə qanunsuz həbs olunmuş hərbi qulluqçularımızın tezliklə azad edilməsi üçün təsirli addımların atılmasını qəti şəkildə tələb edirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir