• Ç. Noy 27th, 2024

DİN-in Daxili Qoşunlarının Ali Hərbi Məktəbində növbəti buraxılış olub – FOTO/VİDEO

ByYenigun.news

İyn 23, 2023


İyunun 23-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbində 2022-23-cü tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.

Tədbirdə respublikanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iştirak edib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş, xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı canlarından keçən hərbi qulluqçuların və polis əməkdaşlarının əziz xatirəsi yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Nazir müavini – Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov məzunların buraxılış mərasiminin Ali Hərbi Məktəbin həyatında əlamətdar hadisələrdən biri olduğunu diqqətə çatdıraraq təhsil müəssisəsinin inkişaf yolu, maddi-texniki və tədris bazasının gücləndirilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə məruzə edib.

Gənc zabitlər önündə çıxış edən nazir Vilayət Eyvazov məmnunluqla bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Qoşunların döyüş hazırlığının yüksəldilməsini daim nəzarətdə saxlayıb, müasir silah və texnika ilə təminatı, şəxsi heyətinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində bir çox vacib qərarlar qəbul edib. Məhz bu ali diqqətin nəticəsidir ki, Daxili Qoşunlar qarşıya qoyulan xidməti-döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirməyə qadir silahlı birləşməyə çevrilib.

General-polkovnik V.Eyvazov Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında möhtəşəm qələbə ilə nəticələnən Vətən müharibəsində Daxili Qoşunların hərbi qulluqçularının da ön cəbhədə iştirak edərək qəhrəmanlıq və vətənpərvərlik nümunələri göstərdiyini, onların arasında Ali Hərbi Məktəbin də məzunlarının olması bu təhsil müəssisəsində kursantların dövlətə, xalqa, hərbi anda sədaqət ruhunda formalaşması üçün ortaya qoyulmuş əzmkar fəaliyyətin əyani təsdiqi olduğunu vurğulayıb.

O, qələbədən sonrakı dövrdə Daxili Qoşunların şəxsi heyətinin işğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları ilə birgə xidmət etmələrini də məmnunluqla qeyd edib.

Məzunların həyatında yeni bir dövrün başladığını nəzərə çatdıran daxili işlər naziri gənc zabitləri, onların valideynlərini və yaxınlarını Ali Hərbi Məktəbi müvəffəqiyyətlə bitirmələri münasibətilə təbrik edib, Daxili Qoşunlar üçün peşəkar kadrlar hazırlayan bu ali təhsil ocağının rəhbərliyinə və zabit-müəllim heyətinə təşəkkürünü bildirib, fəaliyyətlərində onlara uğurlar arzulayıb.

Nazir V.Eyvazov əmin olduğunu bildirib ki, daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti bundan sonra da xalqa və dövlətə sədaqətlə xidmət edəcək, qarşıya qoyulmuş tapşırıqların tam və layiqincə yerinə yetirilməsi üçün var qüvvəsi ilə çalışacaq.

Sonda gənc zabitlər təntənəli marşla tribunanın qarşısından keçiblər. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir