• Ç. Noy 27th, 2024

Davamlı inkişafı təmin edən parlamentarizm ənənələri

ByYenigun.news

İyn 23, 2023


XX əsrin sonlarında Sovetlər İttifaqının süquta uğramasından sonra, dünya siyasi arxitekturasının formalaşdığının müşahidə olunduğu bir zamanda mürəkkəb geosiyasi vəziyyətin gətirdiyi yanaşmalar hər bir ölkədə yeni siyasi münasibətlərin tənzimlənməsini zəruri edirdi. 1990-cı ilin əvvəlində Azərbaycanın siyasi və iqtisadi transformasiya prosesi hakimiyyətlə vətəndaş cəmiyyəti arasındakı münasibətlə bağlı problemlərin artmasına səbəb olurdu. 

Bu münasibətlərin xüsusiyyətləri bilavasitə ölkədaxili sabitliyin təmin edilməsi, insan hüquq və azadlıqlarının, sağlam siyasi dialoqun dərk edilməsi ilə bağlı idi, çünki bunlara hörmət edilmədən demokratik siyasi sistem mövcud ola bilməzdi.

Təəssüf ki, ozamankı hakimiyyətin fəaliyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırılaşması, torpaqlarımızın işğalı ilə nəticələnmişdi. 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığından, qədirbilən Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur qaldı. Beləliklə, 15 iyun 1993-cü il tarixində Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etməyə başladı.

“Ali Sovetin  sədri kimi  Azərbaycan  xalqının tarixi  nailiyyəti olan  Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf  etdirməyi özüm üçün  əsas vəzifələrdən biri hesab edirəm” deyən ulu öndər problemlərin həlli üçün, ilk növbədə, bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi.

Ulu öndər Heydər Əliyev Ali Sovetin sədri kimi ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq  qanunun aliliyinə  üstünlük verdi. Milli Məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verilirdi və ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırılırdı. Azərbaycanın ictimai-siyasi həyatındakı gərginliyin aradan qaldırılması üçün lazımi tədbirlər görülməyə başlandı.

Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrdə parlamentarizm ənənələri yeni nəfəs, yeni qüvvə aldı. Ulu öndər bu qısa müddətdə Parlamentin ruhunu kökündən dəyişdi, sağlam siyasi mühit formalaşdırmağı bacardı, Milli Məclisə siyasi mədəniyyət gətirdi. Məhz onun Parlamentə rəhbərlik etdiyi dövrdə siyasi dialoq artıq sadəcə demokratik məzmunlu, atributiv xarakterli bir alət kimi yox, eyni zamanda siyasətdə təkmil, konstruktiv, məsuliyyətli və peşəkar münasibətlərin mövcudluğunu şərtləndirən işlək mexanizm kimi qəbul edildi. 

Ozamankı mövcud vəziyyət, əlbəttə ki, insan hüquqlarının müdafiəsi sahəsində Azərbaycan Respublikasının milli qanunvericilik sisteminin inkişafı konsepsiyasının hazırlanmasını diktə edirdi. Beləliklə, Heydər Əliyev demokratik düşüncə və dəyərlərə öz sadiqliyini nümayiş etdirərək 1995-ci ilin 12 noyabr tarixində ümumxalq səsverməsi yolu ilə müəllifi olduğu müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması ilə yanaşı, eyni zamanda Azərbaycan Respublikasının Milli Məclisinə birinci çağırış seçkilərin keçirilməsinə nail oldu. 

O vaxtdan etibarən Azərbaycan Parlamenti ölkənin siyasi arxitekturasının tamamlanması işinə öz fəaliyyəti ilə əməli töhfələrini verməyə başladı. 2019-cu ildə isə Prezident İlham Əliyev ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan, ölkə tarixində ilk dəfə olaraq növbədənkənar parlament seçkilərinin təşkil olunması ilə bağlı qərar verdi. Bu gün xalqın iradəsi ilə formalaşmış altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisi dövlətimizin gələcəyə olan siyasi baxışını müəyyən edən Prezident İlham Əliyev tərəfindən həyata keçirilən, ölkənin davamlı inkişafını təmin edən uğurlu islahatların siyasi konfiqurasiyasını təşkil edir.

Əminliklə deyə bilərik ki, 1993-cü ildən başlayaraq aparılan islahatların təməlində demokratik prinsiplərin aliliyinin qorunması durur. Bu gün müstəqil dövlətimiz yaşadıqca ümummilli lider Heydər Əliyevin işıqlı ideyalarını, Prezident İlham Əliyevin gələcəyə olan baxışını əks etdirən Azərbaycan Parlamenti və azərbaycançılıq ideologiyası ölkəmizin davamlı inkişafına bundan sonra da öz töhfələrini verəcəklər.

Məzahir Əfəndiyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir