Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfirliyi tərəfindən keçirilən silsilə tədbirlər çərçivəsində 22 iyunda Vaşinqton şəhərində yerləşən nüfuzlu “Whittemore House” mədəniyyət mərkəzində ulu öndərin bu ölkəyə səfərlərinə həsr edilmiş “ABŞ xatirələri fotolarda. Möhkəm əlaqələrə zəmin yaradarkən” (“U.S. memories in photos. Laying foundation for strong bonds”) adlı fotoalbomun təqdimatı, fotosərgi və konsert təşkil edilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən səfir Xəzər İbrahim ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin banisi kimi onun uzaqgörən daxili və xarici siyasəti, xüsusilə də ABŞ-Azərbaycan münasibətlərinin əsasının qoyulmasında və inkişaf etdirilməsində əvəzolunmaz fəaliyyəti ilə bağlı tədbir iştirakçılarına geniş məlumat verib.
O, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının qəlbində daim yaşayacağını və onun Azərbaycana bəxş etdiyi dövlətçilik mirasının əbədi olacağını qeyd edib.