“Mənim hər zaman arzum olub ki, ali təhsil alım. Təəssüf ki, gənc yaşlarımda bu arzumu gerçəkləşdirmək nəsib olmamışdı. Ölkə başçısı İlhamı Əliyevin tapşırığı ilə mən Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi oldum. Bu gün isə artıq məzun oldum”.
Bu fikirləri Oxu.Az-a müsahibəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin 52 yaşlı məzunu Eyvazov Niyaz Bayram oğlu deyib.
– 52 yaşında məzun olmaq necə hissdir?
– Əslində tələbələrlə qiyabi tanışıq. Məzun olmaq çox gözəl hissdir. Mənim üçün çox daha möhtəşəm hissdir. Hələ də inana bilmirəm ki, bütün çətinliklərə baxmayaraq bu gün ali təhsilimi başa vurmaq nəsib oldu.
– Necə oldu ki, təhsilinizi yarımçıq qoydunuz?
– 1999-cu ildə təhsilimi yarıda saxlamağa məcbur oldum. O dövrdə ailə durumumuz çox yaxşı deyildi. Ali məktəbə qəbul olunmuşdum. 1-ci kursu bitirdim. Müəyyən ailəvi problemlər yaşandı və artıq ailəmə maddi cəhətdən dəstək olmaq üçün işləmək lazım idi. Mən seçim etməli idim və təbii olaraq ailənin yükünü çəkmək lazım idi. Təhsilimi yarım qoydum işləməyə başladım. Amma ürəyimdə inanırdım ki, nə vaxtsa mən təhsil alacam.
– Nə az, nə çox 20 il sonra təhsilinizi bərpa etmisiniz. Bildiyim qədər ölkə başçısı İlham Əliyev bununla bağlı zəruri tapşırıq verib.
– Bəli, doğrudur. Təhsil Nazirliyinin qaydalarına əsasən təhsilini yarıda qoyan tələbə 15 il müddətində ali təhsil müəssisəsinə yenidən bərpa edilə bilər. Lakin mən o müddəti keçmişdim. Amma elə oldu ki, 2019-cu ildə Yasamal rayonunda ölkə başçısı İlham Əliyevin sakinlərlə görüşü keçirildi. Həmin görüşdə mən də iştirak edirdim. Əhalinin problemləri ilə maraqlanan ölkə başçısı həmin görüşdə məni də dinlədi.
Mən ona təhsilimi davam etdirmək istədiyimi bildirdim. Ondan bununla bağlı kömək istədim. Prezident bu təklifi çox yüksək qiymətləndirdi və dərhal tapşırıq verdi. Məni elə həmin il Azərbaycan Memarlıq və İnşaat Universitetinin inşaat fakültəsinə bərpa etdilər.
– Yəqin ki, çalışırsınız. Bu yaşda həm təhsil, həm iş sizə çətin olmadı?
– Xeyr, mən qiyabi təhsil alırdım. Müəllimlər mənə fərdi dərs deyiblər. Buna şərait yaratdığı üçün rektor Gülçöhrə Məmmədovaya dərin təşəkkürümü bildirirəm. Təhsil müddəti müharibə, pandemiya dövrünə düşdü. Oxumaq mənim arzum olub, ona görə də çətinlik çəkməmişəm. Çalışdığım üçün ixtisasım üzrə praktiki biliklərə sahib idim.
Mən hazırda Azərbaycan Qızılaypara Cəmiyyətinin Qaradağ rayonu bölməsinin sədri kimi çalışıram. Özüm Prezident tərəfindən tərəqqi medalı ilə təltif edilmişəm.
– Fəaliyyətinizdə hər hansı dəyişiklik olacaqmı?
– Bundan sonrakı fəaliyyətimdə ölkəmə daha faydalı, daha peşəkar kadr olmağa çalışacam. Ölkə başçısının, eləcə də universitetin pedaqoji heyətinin mənə olan etimadını doğrultmağa çalışacağam.
Könül Cəfərli