“Bu, real həqiqətdir ki, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Azərbaycanda milli ordu quruculuğu çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçmişdir”.
Bunu Oxu.Az-a Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyev deyib.
Deputat qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 aylıq qısa zaman kəsiyində xalqımız öz ordusunu, hərbi qüvvəsini yaratmağa imkan tapdı. Lakin, Cümhuriyyət dövründə ordu quruculuğu ilə bağlı çatışmazlıqlar çox idi. Xarici təzyiqlərdən, hərbi texnikanın alınmasındakı çətinliklərlə yanaşı, peşəkar hərbi kadrların çatışmazlıqlarına qədər mövcud olan bütün problemlər özünü qabarıq formada büruzə verdi:
“Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ordu quruculuğu prosesində fasilə yaranmış, yalnız II Dünya müharibəsinin başlaması ilə əlaqədar azərbaycanlılardan ibarət bir neçə Milli Atıcı diviziyaların yaradılması ilə milli ordu anlayışı davam etdirilib.
Əminliklə deyə bilərik ki, milli ordumuzun inkişaf tarixi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ulu öndərin 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçildikdən sonra müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı. Heydər Əliyev 1971-ci ildə böyük çətinliklərlə Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Ulu öndər Heydər Əliyevin sayəsində gənclərimizin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxumaları, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olmaları mümkün oldu.
1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz bütün sahələrdə olduğu kimi, hərbi sahədə də ciddi böhranla üzləşdi. Yalnız 1993-cü ildə Azərbaycan xalqının tələbi ilə ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkədə ordu quruculuğu prosesini davam etdirdi. 1994-cü il may ayının 12-də “Bişkek protokolu” imzalandıqdan sonra Azərbaycanda Milli Ordunun formalaşması daha da sürətləndi.
Ulu öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalandı. Daha sonra Azərbaycan Prezidentinin 20 avqust 2001-ci il tarixli Fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi-Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı.
Ulu öndərin vurğuladığı kimi, “Etibarlı, güclü, Vətənini, torpağını müdafiə etməyə qadir silahlı qüvvələri olmayan ölkənin müstəqilliyi də etibarlı ola bilməz.” Beləliklə, həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı, nəticədə Azərbaycan ordusu kifayət qədər təşkilatlanmış böyük bir qüvvəyə çevrildi.
Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində 1994, 1996 və 2001-ci illərdə Azərbaycan NATO-nun müxtəlif proqramlarına qoşuldu və hər il 2 mindən çox Azərbaycan hərbçisi bu proqramlar vasitəsilə ən son hərbi yenilikləri mənimsədilər. Beləliklə, beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan, öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi”.
M.Əfəndiyev onu da əlavə edib ki, ordu quruculuğu ilə bağlı həyata keçirilən tədbirlər 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən yeni müstəvidə uğurla davam etdirildi. Ötən müddət ərzində istər Silahlı Qüvvələrimizin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, istərsə də hərbi qulluqçuların sosial müdafiəsi sahələrində həyata keçirilən tədbirlər Ali Baş Komandanın Vətənin müdafiəçilərinin şərəfli xidmətinə necə yüksək qiymət verdiyini bir daha təsdiq etdi:
“Son illərdə ölkənin müdafiə xərclərinin bir neçə dəfə artırılması, hərbi qulluqçuların sosial problemlərinin ardıcıl olaraq həll edilməsi yaxın gələcəkdə ordu quruculuğu sahəsində daha böyük uğurlar qazanılacağına təminat verirdi. Məhz Cənab Prezidentin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Təsadüfi deyil ki, nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer aldı.
Aparılan islahatlarla yanaşı, ordumuzun yeni silah növləri ilə təchiz edilməsi üçün bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, habelə Azərbaycanda hərbi sənaye kompleksinin yaradılması strateji əhəmiyyət kəsb edən addımlardan idi.
Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik” sözləri öz təsdiqini əməli işdə tapdı. Belə ki, 44 gün ərzində Müzəffər Azərbaycan Ordusu ən şərəfli missiyasının, torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı müqəddəs vəzifəsinin öhdəsindən layiqincə gəldi. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu.
Artıq müasir Azərbaycan Ordusu ən yüksək standartlara cavab verir. Vətən Müharibəsində qazanılan Zəfər ordu quruculuğunda müəyyən islahatları şərtləndirdi. Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissəsi, eyni zamanda hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə ötən il Milli Müdafiə Universiteti yaradıldı. Bu gün yeni Komando Qüvvələrinin yaradılması Prezident İlham Əliyevin diqqətindədir. Keçdiyimiz günlərdə Cənab Prezidentin Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olması, hərbi hissəyə Döyüş bayrağını təqdim etməsi Ordumuzun döyüş qabiliyyətinin daha da artırılması işinə göstərilən diqqətin bariz göstəricisidir”.
Deputat qeyd edib ki, Azərbaycanın istər ölkə səviyyəsində, istərsə də beynəlxalq səviyyədə əldə etdiyi bütün uğurlar yeni çağırışlara cavab verən mükəmməl, dayanıqlı idarəetmə modelinin tətbiqinin bariz nümunəsidir və bu gün ordu quruculuğu istiqamətində görülən işlərin uğurla davam etdirilməsi Azərbaycan dövləti, xalqının dünyada, xüsusilə Cənubi Qafqazda sülhün, əmin-amanlığın, davamlı inkişafın carçısı olduğunun əyani sübutudur.