Ermənistanın baş naziri Nikol Paşinyan 2020-ci ildə baş verən müharibə vaxtı ordusunun xeyli itki verdiyi etiraf edib və bunun səbəblərini açıqlayıb.
Ermənistan mediasının məlumatına görə, bu barədə o, 44 günlük müharibənin araşdırılması üzrə komissiyanın iclasında danışıb.
Hökumət başçısı qeyd edib ki, ordunun hərəkət üsullarında problemlər olub.
“Bizim itkilərimizin böyük hissəsi döyüşlərdə deyil, yürüşlərdə, mövqe dəyişikliyi zamanı baş verirdi: İri maşınlar, böyük dəstələrlə hərəkət edir və müvafiq olaraq yaxşı müşahidə olunurduq”, – deyə baş nazir vurğulayıb.
N.Paşinyan həmçinin əlavə edib ki, Ermənistan ordusunda mobillik, kadrların köçürülməsinin səriştəli təşkili məsələsi də qızğın müzakirə mövzusudur.