• Be. Noy 25th, 2024

“Sülhməramlılar ərazimizi tərk edərsə, yarımçıq qalmış məsələlər dərhal həllini tapar” – RƏY + FOTO

ByYenigun.news

İyn 28, 2023


“Qanunsuz erməni silahlı dəstələri yenidən təxribata cəhd edərsə, cavabımız daha amansız olacaq”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında sülh danışıqları başlayandan ermənilərin təxribatlar törətməsi adi hala çevrilib: “Bu da Ermənistanın sülhə qarşı olduğunu göstərir. ABŞ-nin təşəbbüsü ilə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başlayan kimi, Qarabağdakı qanunsuz erməni silahlı dəstələri təxribata əl atırlar. Bu təxribatların məqsədi sülh danışıqlarına kölgə salmaq və nəticəsiz etməkdir. Təəssüf ki, erməni təxribatı nəticəsində bir əsgərimiz yaralanıb, lakin cavabımız çox ciddi oldu və qanunsuz erməni birləşmələrinin 5 üzvü məhv edildi. Əgər ermənilər yenidən təxribata əl atarsa, onların bütün infrastrukturu darmadağın edilə və qanunsuz hərbi birləşmələrin silahsızlaşdırılması prosesinə başlanıla bilər”.

 

Deputat 2022-ci il martın 26-da Fərrux və avqustun 3-də Sarıbaba əməliyyatlarının keçirildiyini də xatırladıb: “Bu əməliyyatlar qanunsuz erməni silahlı birləşmələrinin törətdiyi təxribatlara cavab məqsədi daşıyırdı və nəticədə çox sayda erməni silahlısı məhv edilərək böyük ərazilər nəzarətə götürüldü. Hesab edirəm ki, qanunsuz erməni hərbi birləşmələrinin növbəti təxribatı yuxarıda qeyd etdiyim Fərrux və Sarıbaba əməliyyatları kimi geniş xarakter almalı və daha çox ərazilərdə təmizlənmə işləri aparılmaqla nəticələnməlidir”.

A.Badamov bildirib ki, qanunsuz erməni hərbi birləşmələrinin Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında təxribatlara əl atması sual doğurur: “Necə olur ki, bütün istiqamətlərdə postlar qurararaq nəzarəti həyata keçirən sülhməramlıların gözü önündə ermənilər təxribata əl atırlar? Bu sualın bir cavabı var. Qanunsuz hərbi birləşmələrin təxribatlar törətməsinə sülhməramlılar şərait yaradırlar və yaxud bu təxribatlar sülhməramlıların sifarişi ilə törədilir. Çünki Qarabağdakı qanunsuz erməni hərbi birləşmələrinin təminatını sülhməramlılar həyata keçirirlər və onların icazəsi olmadan separatçılar bir addm belə ata bilməzlər.

Fikrimcə, sülhməramlıların fəaliyyətinə yenidən baxılması gündəmə gəlməlidir. Çünki onların bir nömrəli vəzifəsi Qarabağda təxribatların törədilməsinə yol verməməkdən ibarətdir. Əgər onlar öz vəzifələrinin öhdəsindən gələ bilmirlərsə, Qarabağı tərk etməlidirlər. Belə ki, sülhməramlılar 5 il tamam olanda onsuz da ərazilərimizi tərk edəcəklər”.

Milli Məclisin üzvü Qarabağda təhlükəsizliyin təmin olunmasının yalnız Azərbaycan Ordusunun nəzarəti altında baş verəcəyini söyləyib: “Bunun üçün ilk növbədə qanunsuz erməni dəstələri silahsızlaşdırılacaq və bununla Qarabağda yaşayan erməni sakinlərin Azərbaycana inteqrasiyası prosesi sürətlə baş verəcək. Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlığı aldıqdan sonra tam təhlükəsiz şəraitdə öz həyatlarını davam etdirə biləcəklər.

Bununla belə, Azərbaycan bu gün Laçın yolu vasitəsilə Qarabağdakı ermənilərin təminat məsələlərinin həllinə imkan yaradır. Amma Ermənistan Laçın yolunun guya blokadada olması ilə bağlı dünyaya car çəkir və Qərb siyasətçilərini pulla ələ alaraq Azərbaycana qarşı qərəzli qərarlar qəbul etdirməyə çalışır. Avropa Parlamentinin bir qrup korrupsioner deputatı erməni lobbisindən aldığı vəsaitlər müqabilində Laçın yolunun guya blokadada olması ilə bağlı Azərbaycana qarşı qərəzli qətnamə qəbuluna nail olub. Bu qətnamələr bizim üçün əhəmiyyətsiz kağız parçasıdır. Qərbin belə ədalətsiz yanaşması regiona sülh gəlməsinə yalnız maneədir. Hazırda Qarabağdakı erməni sakinlərin Azərbaycana interqasiyasına mane olan sülhməramlılardır. Hesab edirəm ki, sülhməramlılar ərazilərimizi tərk edərsə, yarımçıq qalmış məsələlər də dərhal öz həllini tapar”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir