“Azərbaycan polisinin keçdiyi yol özündə müstəqil dövlətçilik tariximizi əks etdirir”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
O xatırladıb ki, Azərbaycan daxili işlər orqanlarının əsası Xalq Cümhuriyyətinin dövründə qoyulub:
“Amma təəssüf ki, Azərbaycan cəmi 23 ay yaşaya bildi. Sovetlərin tərkibində yaşadığımız 70 ildə də Azərbaycan polisi öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə polisin peşəkar fəaliyyətinin qurulması üçün geniş imkanlar yaradılmışdı”.
Deputat vurğulayıb ki, 1991-ci ildə ikinci dəfə müstəqilliyə qovuşduğumuz dövrdə polisin üzərinə daha böyük vəzifələr düşürdü:
“Torpaqlarımızı işğal edərək soyqırımılar törədən erməni işğalçılarına qarşı polisimiz ilk sıralarda dayandı. Öz canını düşmən gülləsinə sipər edən Daxili İşlər Nazirliyinin əməkdaşları Birinci Qarabağ müharibəsində 1700-ə yaxın şəhid verib. 90-cı illərin əvvəlində ölkədə yaranmış xaosun aradan qaldırılması ilə Azərbaycanın müstəqil dövlətçiliyinin gələcəyi müəyyənləşdi. Azərbaycan polisi müstəqilliyimizin ilk illərindən başlayaraq dövlət quruluşuna qarşı olan bütün təhlükələrin aradan qaldırılmasında ilk sıralarda dayandı. Məhz polisin peşəkar fəaliyyəti sayəsində qısa müddətdə ölkədə sabitlik təmin olundu. Cinayətkar dəstələr, separatçı qruplar zərərsizləşdirildilər”.
Ümummilli liderin polisin peşəkar fəaliyyətinə yüksək dəyər verərək 2 iyulun Polis Günü kimi qeyd edilməsi üçün fərman imzaladığını xatırladan A.Badamov əlavə edib ki, məhz ondan sonra hər il bu tarix polis əməkdaşlarının peşə bayramı kimi qeyd olunur:
“Polisimiz dünyanı lərzəyə gətirən pandemiyaya qarşı mübarizədə də ön sıralarda dayandı. Gecə-gündüz demədən ictimai asayişi qoruyan polis əməkdaşları pandemiya ilə bağlı tətbiq olunan karantin rejiminin qorunmasında və vətəndaşların qaydalara riayət etməsində də böyük rol oynadılar. Onlar bu zaman öz sağlamlıqlarını düşünməyərək, həyatlarını təhlükə altına alaraq xidməti davam etdirdilər”.
A.Badamov söyləyib ki, İkinci Qarabağ müharibəsi zamanı da Daxili Qoşunların əməkdaşlarından 66 nəfər şəhid oldu, 346 nəfər hərbi qulluqçusu yaralanıb. 1690 nəfər isə ölkə başçısının sərəncamları ilə orden və medallarla təltif olunublar:
“O cümlədən 4 nəfər Milli Qəhrəman adına layiq görüldü. Bu gün də işğaldan azad olunmuş ərazilərdə təhlükəsizliyin təmin olunmasında Daxili İşlər Nazirliyinin əməkdaşları ön sıralarda xidmətlərini davam etdirirlər. Həm də ölkədə cinayətkarlığa qarşı mübarizənin aparılması və ictimai-siyasi asayişin təmin edilməsində polis əməkdaşları fədakarcasına fəaliyyət göstərirlər”.
O vurğulayıb ki, Prezident İlham Əliyev daxili işlər orqanlarının əməkdaşlarının maddi təminatının yaxşılaşdırılmasını, məişət-mənzil məsələlərinin həll olunmasını, sağlamlıqlarının qorunmasını daim diqqətdə saxlayır.
Deputatın sözlərinə görə, polis əməkdaşlarının xidmətlərini müasir tələblərə uyğun səviyyədə aparmaları üçün bütün texniki vasitələr və avadanlıqlarla təmin olunurlar.
“Məhz müasir xidmətin formalaşdırılmasının göstəricisidir ki, ölkədə cinayətkarlıq çox aşağı səviyyədədir və cinayət hadisələrinin üstünün açılma səviyyəsi də çox yuxarıdır. Bu gün polisin ayıq-sayıqlığı sayəsində demək olar ki, törədilmiş heç bir cinayət cəzasız qalmır. Polis dövlətin bel sütunudur. Qlobal hesabatda kriminal indeks göstəricisinə görə dünya ölkələri arasında 110-cu yerdə olmağımız polis əməkdaşlarının gərgin əməyi sayəsindədir. Azərbaycan polisi peşəkarlığına görə dünya ölkələri arasında seçilir”, – A.Badamov bildirib.