Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi (DEA) 2023-cü il 1 sentyabr tarixinədək yerli buğda istehsalçılarından 2023-cü ildə istehsal olunmuş yüksəkkeyfiyyətli yerli ərzaqlıq buğdanın tədarükünü elan edir.
Tədarük ediləcək ərzaqlıq buğda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsində qeyd edilən aşağıdakı keyfiyyət göstəricilərinə, habelə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə cavab verməlidir:
Təklif olunan ərzaqlıq buğdanın keyfiyyət tələblərinə uyğunluğu akkreditasiya olunmuş laboratoriyalar tərəfindən təsdiq olunmalıdır. Tədarük zamanı ərzaqlıq buğdanın keyfiyyət göstəriciləri Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi tərəfindən əlavə olaraq yoxlanılacaq. Keyfiyyət göstəricilərinin bütün tələblərinə cavab verməyən yerli ərzaqlıq buğda qəbul edilməyəcək.
Tədarük ediləcək ərzaqlıq buğdanın qiyməti Azərbaycan Respublikasına son ay ərzində idxal edilən buğdanın orta idxal statistik göstəricisinə uyğun olaraq, 420 (dörd yüz iyirmi) manat/1 ton müəyyən edilir və bu qiymət növbəti ay müəyyən ediləcək orta idxal statistik göstəricisinə uyğun olaraq dəyişə bilər. Ərzaqlıq buğdanın təhvil yerinə çatdırılması istehsalçının vəsaiti hesabına həyata keçirilir.
“Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 iyul tarixli 1754 nömrəli Fərmanına uyğun olaraq pilot layihə çərçivəsində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən, müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan ərzaqlıq buğdanın orta idxal statistik göstəricisi təhvil verilmə dövründə dövlət tədarük qiymətindən (2023-cü il üçün 450 (dörd yüz əlli) manat/1 ton müəyyən edilmişdir) aşağı olduğu hallarda, aradakı fərqin istehsalçıya kompensasiya edilməsi məqsədilə məhsul subsidiyasının əmsalı Aqrar Subsidiya Şurası tərəfindən yenilənəcək.
Təkliflərin (akkreditasiya olunmuş laboratoriyalar tərəfindən təsdiq edilmiş keyfiyyət göstəriciləri və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş daxili karantin sertifikatının surəti əlavə edilməklə) office@dea.gov.az elektron poçt ünvanına göndərilməsi xahiş olunur. Əlavə məlumat üçün telefon nömrəsi (+994 12) 210-01-95.