• C. Noy 22nd, 2024

Cəlilabadda vətən müharibəsi şəhidinin beşinci övladı dünyaya gəlib

ByYenigun.news

May 31, 2021

Bu günlərdə Vətənin azadlığı uğrunda şirin canından keçərək müqəddəs Şəhidlik məqamına yüksəlmiş  Xəqani Fətiyevin beşinci övladı  dünyaya gəlib. Ətirli may günlərində dünyaya göz açan şəhid övladına atasının şərəfinə Xəqani adı verilib.

 Cəlilabad Rayon İcra Hakimiyyətinin nümayəndələri Şəhidimizin doğma kəndində onun ailəsini ziyarət etmiş,körpənin doğumu münasibətilə ailə üzvlərinə göz aydınlığı vermiş, Xəqani Fətiyevin İkinci Qarabağ müharibəsində göstərdiyi igidlikdən qürur duyduqlarını, Allahdan bütün şəhidlərimizə rəhmət dilədiklərini bildirmişlər. Şəhidin ailə üzvləri onlara göstərilən qayğıya görə dərin razılıqlarını ifadə etmişlər.

 Mərasimdə qeyd olunmuşdur ki, ki, ölkəmizdə şəhid ailələrinin və qazilərin qayğıları dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir.

      Xəqani Fətiyev  1989-cu il iyunun 30-da Cəlilabad rayonunun Adnalı Adnalı kəndində anadan olub. O,  2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin  sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.

       Azərbaycan Ordusunun kiçik çavuşu olan Xəqani Fətiyev Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb,  27 sentyabr 2020-ci il tarixində Füzuli döyüşləri zamanı şəhid olub.

     Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəqani Fətiyev ölümündən sonra “Vətən uğrunda” medalı   ilə təltif edilib. Şəhidimiz həmçinin  Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Prezidentin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Füzulinin  azad olunmasına görə” medalı ilə təltif edilib.

      Ana və uşaq özlərini yaxşı hiss edirlər. Körpə vətəndaşımızın ayağı sayalı olsun! Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərmiş bütün şəhidlərin, o cümlədən Xəqani Fətiyevin xatirəsi heç vaxt unudulmayacaq.   

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir