“Çox da uzaq olmayan tarixdən bəllidir ki, ermənilər bölgəyə XIX əsrin əvvəllərindən konkret konsepsiyanın tərkib hissəsi olaraq köçürülüb və Türkiyə ilə Türk dünyası arasında süni sədd yaratmaq üçün Ermənistan dövləti qurulub. Konsepsiyanın davamlılığı üçün ermənilər müxtəlif mif və rəvayətlərlə, xüsusən sovet dövrü tarixçilərinin mənbəsiz iddiaları ilə “dənizdən-dənizə böyük Ermənistan” xülyalarına inandırılıb”.
Bu fikirləri Oxu.Az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. O qeyd edib ki, bu iddialara inanan ən azı altı ardıcıl nəsil düşmənçilik ruhunda tərbiyə edilib və Xəzərə qədər irəliləmək əsrin hədəfi olaraq müəyyən edilib:
“Hətta əvvəllər bu iddialar yalnız erməni kluarlarında səslənirdisə, 2020-ci ildə müdafiə naziri “yeni müharibə, yeni ərazilər” konsepsiyasını açıq formada bəyan etməkdən çəkinmirdi. Buna səbəb dünya birliyinin beynəlxalq hüququn prinsiplərinə selektiv yanaşması, imperativ xarakter daşımalı olan ərazi bütövlüyünün nisbi anlayış kimi qəbul edilməsi idi. Xüsusən 30 illik işğal, işğala son qoyulmasına dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icra edilməməsi Ermənistanın təcavüzkar mahiyyətini daha da təşviq edirdi. Riyakar Qərb isə Ermənistanın Azərbaycan üzərində qələbəsinə şübhə etmirdi, bu mənada 3 il əvvəl BMT Baş Assambleyasında cənab İlham Əliyevin mümkün hərbi gərginlik təhlükəsi ilə bağlı xəbərdarlığını görməzdən gəlməklə əslində riyakarcasına Ermənistanın yeni qələbələrinə şərait yaradılmışdı. Lakin siyasi və iqtisadi müstəqillik, ordu və ən müasir müdafiə sənayesi quruculuğu, o cümlədən Heydər Əliyev siyasi məfkurəsi ətrafında milli birlik, ən əsası isə Prezident İlham Əliyevin qətiyyəti Ermənistan və havadarlarının nəinki planlarını pozdu, hətta 200 illik “Böyük Ermənistan” konsepsiyası yerlə-yeksan edildi. Vətən müharibəsindən sonrakı cəza tədbirləri və ən nəhayət, 23 saatlıq lokal antiterror tədbiri isə prosesə nöqtə qoydu. Prezident İlham Əliyev artıq dünyada separatizmlə mübarizədə yeni cığır açdı. Separatizmin 10 illərlə zərbə vurduğu region üçün effektiv Azərbaycan presedenti formalaşdırdı”.
Deputat onu da qeyd edib ki, bu gün artıq Azərbaycan Silahlı Qüvvələri və Azərbaycan polisi çiyin-çiyinə beynəlxalq hüquqla tanınan ərazilərimizdə 30 il ərzində möhkəmlənən, lakin cəmi 23 saatlıq güc nümayişi ilə ağ bayraq qaldıran separatçıları tərksilah edərək ərazidə ictimai asayişi və ictimai təhlükəsizliyi təmin edir:
“30 il xunta rejiminin girovluğunda qalmış Qarabağ erməniləri artıq vətəndaşlıq üçün Azərbaycan dövlətinə çoxsaylı müraciətlər etməkdədir. Beləliklə, Prezident İlham Əliyev ermənilər və havadarlarının region üçün təhdidə çevrilmiş “dənizdən dənizə böyük Ermənistan” planları ilə barabər, erməni separatizminin də kökünü qazımış oldu. Bu, unudulacaq tarix deyil və nəinki hər bir azərbaycanlı, bütövlükdə hər bir region sakini, o cümlədən ermənilər özləri bu təqvimə milad kimi baxmalı, yeni, müharibəsiz, qansız-qadasız, inkişaf və tərəqqidə, dinc birgəyaşayışda ehtiva olunan quruculuq prosesinin tərkib hissəsi kimi çıxış etməlidir”.
Aysel Aslan