ABŞ-nin Vaşinqton, Nyu-York, Atlanta şəhərlərində Ermənistan silahlı qüvvələri tərəfindən işğal illərində Azərbaycanın Qarabağ bölgəsində kütləvi şəkildə basdırılan minaların faciəvi nəticələrini əks etdirən məlumat xarakterli aksiya keçirilib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Qeyd olunub ki, Yuta-Azərbaycan Dostluq Təşkilatının sədri Əsmər Qarayevanın təşkilatçılığı ilə baş tutan aksiya zamanı müxtəlif şüarları, həştəqləri və məlumatları əks etdirən LED ekranlı yük avtomobilləri ABŞ-ın 3 şəhərinin izdihamlı mərkəzi küçələrində hərəkət edib. Bu şəhərlərin icazə verilən mərkəzi hissələrində avtomobillər dayandırılıb və Ermənistanın mina terroruna diqqət cəlb edilib.
LED ekranlarda “Ermənistan terrorizmi minalarla davam etdirir”, “Ermənistan, dünya aydınlıq və təhlükəsizlik tələb edir. Qarabağın mina xəritələrini paylaş!”, “Qarabağdan dünyaya: minalara YOX deyin!”, “Azərbaycan torpaqlarının işğal edilməsi dövründə Ermənistan tərəfindən 1,5 milyon mina basdırılıb”, “Qarabağı xatırlayaraq – minasız gələcəyə doğru çalışmaq”, “Qarabağda minalarda həyatlarını itirənlərə ehtiram! Təhlükəsizlik uğrunda mübarizəyə qoşulun!”, “Qarabağ qurbanlarını xatırla – minasız torpaqlar uğrunda müdafiəyə qalx!”, “Qarabağ gizlədilmiş minaları deyil, sülhü haqq edir!”, “Qarabağ faciəsini xatırlayaraq, minasız miras üçün çalışırıq”, “Ermənistanın Azərbaycana qarşı qəsdən və hədəfi ayırmadan mina terroru!” kimi qısa məlumatlar və şüarlar nümayiş etdirilib.
İşğal illərində Azərbaycanın 147 988 hektar ərazisinin yüksək səviyyədə, 675 570 hektar ərazisinin isə orta və aşağı səviyyədə çirkləndirildiyi, Ermənistanın Azərbaycana qarşı mina terroru törətməsi nəticəsində 1991-ci ildən bu günə qədər arasında qadın və uşaqlar da olmaqla 3393 mina qurbanının olduğu kimi faktlar nəzərə çatdırılıb.
Məlumatlarda #stoparmeniancrimes, #MapsForKarabakhSafety, #KarabakhSafety kimi həştəqlər yer alıb.
Qeyd edək ki, ötən həftə Azərbaycan diasporu Böyük Britaniyanın London və Mançester şəhərlərində də məlumatlandırma aksiyası keçirib. Britaniya Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan və 8 saat davam edən aksiya zamanı müxtəlif şüarları, həştəqləri və məlumatları əks etdirən LED ekranlı yük avtomobilləri London və Mançester şəhərlərinin izdihamlı mərkəzi küçələrində hərəkət edib.