• Ç. Noy 27th, 2024

Saxtakarlığın qarşısını alan BMT missiyası, baş tutmayan erməni yalanı – ŞƏRH + FOTO

ByYenigun.news

Okt 3, 2023


Son illərin və günlərin hadisələri erməni “tarixi”nin necə yarandığını bir daha sübuta yetirdi. Ermənistan Azərbaycan torpaqlarını işğal etdikdən sonra burada yer adlarını dəyişib, izi itirmək üçün tarixi-mədəni abidələri dağıdıb, bunun ardınca əraziyə müxtəlif yerlərdən erməniləri köçürüb. Ardınca da bu ərazilərin “ermənilərə aid olduğuna dair” cəfəng kampaniyaya başlayıb.

Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini bərpa edəndə isə onlar bunu dünya ictimaiyyətinə “etnik təmizləmə”, “soyqırımı” kimi sırımağa çalışırlar. Həmin ərazilərin ermənilərə məxsus olmadığını təsdiqləmək üçün elə uzaq keçmişə nəzər salmağa ehtiyac yoxdur. Ermənilər Azərbaycan torpaqlarına yerləşdiriliblər. Bu, Rusiyanın Cənubi Qafqazdakı bir layihəsi idi…

Rəsmi Bakının icazəsi olmadan qanunsuz olaraq sonradan Azərbaycan torpaqlarında məskunlaşma aparmaq isə cinayətdir. Yəni ermənilər bu torpaqlarda qaçaq yaşayıb və bu müddətdə cinayət törədiblər. Əslində, buna görə onların hər birinə cinayət işi başlanması daha məntiqli olardı. Ancaq bu edilməyib. Ona görə bunu özünəməxsus humanist jest saymaq olar.

Ermənilərin saxta soyqırımı tarixinin yaranma mexanizmi də ifşa olundu.

İndi ermənilər və ya onlarla birlikdə Qarabağdan könüllü köç edənlər “etnik təmizləmə”, “soyqırımı” iddiaları ilə hay-küy salıb, beynəlxalq ictimaiyyəti Azərbaycana qarşı qaldırmağa səy göstərirlər. Təsəvvür edin, 50 ildən sonra bu etnik qrupun nümayəndələri indi hazırladıqları saxta “tarixi fakt”lara əsasən, 2020 və 2023-cü illərdə guya başlarına gələnlərin “xronikası”nı təqdim edib, “məzlum erməni” xalqının “başına açılan müsibət”lərdən danışacaqlar və s.

Qanunsuz silahlı birləşmələrin tərkibində mülkü azərbaycanlılara divan tutan bu etnik qrupun nümayəndələri ikiüzlülüklərini də gizlədə bilmədilər. Azərbaycana məxsus videokameranın qarşısında “Allah haqqı, Azərbaycanda azərbaycanlılarla yaşamaq istəyirəm” deyən erməni vaxtı ilə əlində silah azərbaycanlıların qətlində iştirak edib.

Beynəlxalq ictimaiyyət onların saxtakarlığını qəbul etmir.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller oktyabrın 2-də keçirdiyi brifinqdə ermənilərin Qarabağda guya “etnik təmizlənmə”yə və ya “soyqırımı”na məruz qaldıqlarına dair qondarma iddialarına cavabında deyib: “ABŞ etnik təmizləmə və soyqırımı kimi iddialara çox ciddi yanaşır. Biz bu vəziyyətlə bağlı yerlərdə (Qarabağda) əlaqə saxlayırıq. Ancaq soyqırımı və ya etnik təmizləmə ilə bağlı qərar faktlara əsaslanan prosesdir”. Bununla da ABŞ rəsmisi Qarabağda belə bir hadisənin baş verməsinə dair əsasın olmadığını diplomatik ifadələrlə vurğulayıb.

BMT-nin Xankəndiyə səfər etmiş missiyasının yaydığı açıqlamaya görə, bütün dükanlar bağlansa da, mülki infrastrukturun, o cümlədən məktəblərin və xəstəxanaların dağılması əlamətləri müşahidə edilməyib.

Missiya qeyd edib ki, BMT komandası yerli icmaların nümayəndələrindən Qarabağda 50-1 000 arasında etnik erməninin qaldığını öyrənib: “Son atəşkəsdən sonra dinc əhaliyə qarşı zorakılıq barədə heç bir məlumat müəyyən edilməyib”.

Ermənistan parlamentinin sədri Alen Simonyan və xarici işlər naziri Ararat Mirzoyanın “etnik təmizləmə” ilə bağlı başlatdıqları kampaniyaya bundan sonra inanmaq, doğrudan da, qərəzlilik və Azərbaycana qarşı düşmənçilikdir.

Etnik təmizləmə, yaxud soyqırımı cinayətini Ermənistan və erməni etnik qrupunun nümayəndələri Azərbaycan türklərinə, azərbaycanlılara qarşı törədiblər.

Ermənistan ərazisində hazırda azərbaycanlı yaşamır. Onlar zorla Ermənistan vətəndaşlığından məhrum ediliblər. 1948-53-cü illərdə 150 mindən çox, 1988-91-ci illərdə 300 minədək azərbaycanlı Ermənistandan, dədə-baba torpaqları olan Qərbi Azərbaycan ərazilərindən deportasiya edilib. 1988-94-cü illərdə Rusiya və Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarının bir hissəsini işğalı nəticəsində bir milyon azərbaycanlı Qarabağ və ətraf rayonlardan qovulub.

Krım türklərinin, Qafqaz xalqlarının, azərbaycanlıların, Axıska türklərinin Qazaxıstana sürgün edilməsi də etnik təmizləməyə çoxsaylı örnəklərdəndir.

Beləliklə, günümüzdə də ermənilər saxta tarix yaratmaqla məşğuldur. Bu yolla hələ uzun illər “məzlum ermənilərə” humanitar yardım adı altında ianələr toplanacaq. Həmin yardımlar hesabına neçə-neçə “humanist” erməni varlanacaq. Ancaq ermənilərin “məzlumluğu” bitməyəcək. Dünya da belə sıtqamaqdan bezib. Dünya dövlətlərinin qapısını kəsib, “soyqırımı qurbanı” adı ilə “yardım” istəmək çox gülüncdür. Metyu Miller bu kampaniyanı aparan ermənilərə həm də hər köçkün hadisəsinə “etnik təmizləmə” və ya “soyqırımı” deyilmədiyini izah edib.

“Report” İnformasiya Agentliyi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir