Kolumbiyanın ən nüfuzlu mətbu orqanı hesab edilən “Semana” jurnalında Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbovun müsahibəsi əsasında “Nəhayət ki, ədalət qalib gəldi” sərlövhəli məqalə dərc olunub.
Səfirlikdən bildiriblər ki, məqalədə lokal xarakterli antiterror tədbirlərinin Qarabağın erməni separatçılarının müstəqillik arzularına son qoyduğu və tarixi ədalətin bərqərar olduğu qeyd edilib. Məhz Azərbaycan tərəfinin 30 ilə yaxın müddətdə erməni işğalına məruz qaldığı, yüz minlərlə insanın doğma torpaqlarından didərgin salındığı bildirilir.
Diqqətə çatdırılır ki, Ermənistan silahlı qüvvələrinin və qanunsuz silahlı qruplaşmaların suveren Azərbaycan ərazilərində mövcudluğunu davam etdirməsi və həyata keçirdikləri saysız-hesabsız təxribat əməlləri 24 saatlıq antiterror tədbirlərini qaçılmaz edib. Antiterror tədbirləri nəticəsində qondarma rejimin silahları yerə qoyaraq təslim olduğu və Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Azərbaycanın mərkəzi hakimiyyətinin təmsilçiləri arasında reinteqrasiya prosesi ilə bağlı danışıqların davam etdirildiyi vurğulanır. Azərbaycan Respublikasının Prezidentinin sözlərinə istinadla, Qarabağın erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin təmin ediləcəyi əksini tapır.
Məqalədə Azərbaycanın Ermənistanla dialoqa hazır olduğu və regionda sülhün təmin edilməsi üçün səylərini əsirgəmədiyi vurğulanır. Sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və bütün kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılmasının regionun inkişafına əlavə təkan verəcəyi bildirilir.
Eyni zamanda, səfir M.Talıbovun Kolumbiyaya səfəri çərçivəsində bu ölkənin Konqresində və dövlət qurumlarında bir sıra görüşlər keçirdiyi, tərəflərin təhsil, elm, mədəniyyət, turizm, sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirməkdə maraqlı olduğu diqqətə çatdırılır.
Qeyd edək ki, bu müsahibə erməni xuntasının tam buraxılması xəbərindən bir gün əvvəl dərc olunub.