• Bz. Noy 24th, 2024

Mən niyə bütün hüquqlarımı bilməliyəm və ya çörəkverən, “dəmiryeyən” məmur

ByYenigun.news

Noy 3, 2023


Aqşin Kərimov yazır…

Azərbaycanda az qala hər kəsdən tələb edilir ki, o, öz hüquqlarını bilsin. Çox yaxşı haldır ki, insanlar Konstitusiyada təsbit edilən hüquq və azadlıqlarını, bununla yanaşı, vəzifə və öhdəliklərini dərk etsinlər.

Yəni hüququn dərki ona görə əhəmiyyətlidir ki, vətəndaşlar qanundankənar imtiyazlara can atmasınlar – bunu müəyyən edən isə vəzifə və öhdəliklərdir.

Bu, vətəndaşların cəminə aiddir, yəni vəzifəlisindən tutmuş, sadə insanına qədər hamıya şamil edilir.

Obyektivlik naminə deməliyəm ki, vətəndaşlarda da qanundan sui-istifadə halları, yanlış interpretasiyaların əsirinə çevrilib daha çox şey əldə etmək meyilləri az deyil. Bu, bəlkə də, təbiətin insan ruhuna hopdurduğu instinktdir. Daha çox varlanmaq, tamahkarlıq, layiq olmadığın yerlərə can atmaq instinkti aşağı-yuxarı çoxunun altşüurunda yatır.

Baxın, eyni vərdiş məmur təbəqəsində də var, əllərində hər şey, imtiyazlar, bunun rəsmi təqdimatla yanaşı, yaratdığı başgicəlləndirici qeyri-rəsmi status (hörmət) və sair vəzifəli zümrədəki tamahkar olanların gözünü tutur.

Dediyim budur ki, aşağı-yuxarı eyni qavrayış həm sıravi vətəndaşda, həm də vəzifə sahiblərində mövcuddur, lakin birinin əlində çox imkan və səlahiyyət var, digərinin – yox.

Qanun isə insanın tamahkarlıq vərdişlərinin önünə bir pərdə çəkən fəlsəfəyə malikdir, yəni qanunlar təkcə quru hüquq cümlələri ilə məhdudlaşmır. Onun alt qatı dərindir, ictimai münasibətləri tənzimləyir, hətta insanın davranışına norma və etiket verir.

Qanunun təbiətinin dərk edilməsi bu sadaladıqlarıma görə vacib hesab oluna bilər, amma etiraf edək ki, hamı qanunların hamısını bilmir. Bilməsi isə müşkül məsələdir, çünki insan beyni hər şeyi yadda saxlayıb onun fəlsəfəsini anlamaq qabiliyyətində deyil.

Deməli, qanunların icrasında bölgü var, bu bölgüdə dövlət qurumlarının da, özəl sektorun da, publik hüquqi şəxslərin də, vətəndaşların da öz payı mövcuddur.

Vay o günə ki, biri digərinin bölgüsünə daxil olmaq üçün vurnuxur – bu da ictimai fəsadlarda ayrıca problemli fazadır.

Mən məsələnin vurğusunu ona gətirirəm ki, bütün vətəndaşlar qanunların hamısını bilmək məcburiyyətində deyil, yox, belə bir icbari öhdəlik təbliğ edilirsə, deməli, ölkədə qanunların icrasında problemlər mövcuddur.

Azərbaycan nümunəsində tez-tez eşidirik ki, vətəndaşlar hüquqlarını bilməlidirlər, təbii ki, bilməsi çox yaxşıdır. Ancaq bu təbliğat sanki “ölkədə qanunsuzluq var, hüququnu bil ki, onun qurbanı olmayasan” formasına salınır.

Bu təbliğatın ictimaiyyətin altşüuruna yeridilən qayəsi belədir ki, məmurun səni aldatması artıq adi hal alıb, sən isə o tələyə düşmə. Vətəndaşların hüquqlarını bilməsi o cəhətdən yaxşıdır ki, insanlar bir-birlərinə kələk gəlməsinlər, amma bədbəxtlik burasındadır ki, bəzi məmurlar da insanları aldadırlar.

Vətəndaşların hüquqlarının təmini üçün kreslo ayrılan vəzifə sahibləri diqqətli olmalıdırlar. Onlar vətəndaşların öz hüquqlarını bilməməsindən sui-istifadə edib pay qoparmaq əvəzinə, vətəndaşın hüquqlarını başa salmalıdırlar. Görünür ki, sui-istifadə çoxdur, özü də bir sahədə yox, geniş spektrdə bu hal tüğyan edir. Sual edirəm, bax, bir vətəndaş niyə axı bütün qanundan xəbərdar olmalıdır, niyə beynini rəqəmlərlə, hüquqi izahlarla doldurmalıdır? Olmazmı ki vətəndaşla dövlət arasındakı körpüdə əyləşənlər öz işlərini düzgün görsünlər, sistem qursunlar, nə şiş yansın, nə də kabab?!

Hiss edirəm ki, bu, çətindir, amma ümidlərim qətiyyən ölməyib. Gün gələr, bizə də qanunun şirinliyini bütün tərəfləri ilə dadmaq nəsib olar. Amma mövcud tendensiya qarşıda çətinliklərin baryer kimi dayandığını yaxşı göstərir. İş o yerə çatıb ki, bu gün vətəndaş məmur haqqında “özü yesə də, başqasını da yedizdirir”, “çörəkverən kişidir” ifadəsini işlədir. Bu, ictimai psixologiyamızda möhkəm şəkildə özünə yer etmiş bir ifadədir.

Halbuki, hansısa məmura çörəkverən, “dəmiryeyən” (idman mənasında) olmasına görə deyil, onun vəzifə öhdəliklərini nə qədər yerinə yetirməsinə görə qiymət verilməlidir. 

Yəni nazir və ya digəri öz işini görsün, büdcəni də yeməsin, heç başqasına da yedizdirməsin. Öz işini görsün, bəsdir, bu, ictimai münasibətlərə də, dövlət aparatına da faydalı olar. Yox, vətəndaşa da o sərf edirsə ki, məmur həm özü yeyib, həm də başqalarına pay versin, onda yuxarıdakı fikrim təsdiqlənir. İnsan tamahkarlıq instinktinə boyun əyib, onun qarşısında acizdir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir