• Bz. Noy 24th, 2024

5 mart – Bədən Tərbiyəsi və İdman Günüdür

ByYenigun.news

Mar 5, 2024


Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən, hər ilin bu günü Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir.

Oxu.Az xəbər verir ki, həmin günün martın 5-də qeyd olunması təsadüfi deyil.

Məhz 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb.

1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin ardıcıl səyləri, uğurlu siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib.

Ölkəmizdə keçirilən gimnastika üzrə Dünya Kuboku, “Formula-1” üzrə Azərbaycan Qran-prisi, bədii gimnastika üzrə Avropa çempionatı, taekvondo üzrə böyüklər arasında dünya çempionatı, şahmat üzrə kişilər və qadınlar arasında Dünya Kuboku, atıcılıq üzrə dünya çempionatı, çövkən üzrə dünya çempionatı, hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatı kimi nüfuzlu yarışlar dövlətimizin qüsursuz təşkilatçılıq bacarığını bütün dünyaya nümayiş etdirib.

Xüsusilə 2023-cü il qazanılmış nailiyyətlər, ilklər və rekordlar baxımından Azərbaycan idman tarixində mühüm yer tutub. İdmançılarımız ötən ildə beynəlxalq yarışlarda ümumilikdə 1 472 medal əldə etməklə Azərbaycan idman tarixində rekorda imza atıblar.

Ötən il dekabr ayının 21-də xalqımız tarixi hadisəyə şahidlik edib. 30 illik fasilədən sonra Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları qarşılaşıb. Azərbaycan xalqı Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə yenidənqurma işlərinin başa çatdığı Xankəndi şəhər stadionundakı qarşılaşmanı ilk dəfə canlı izləmək şansı əldə edib. Bu möhtəşəm hadisə təkcə ilin yox, Azərbaycan idman tarixinin ən önəmli hadisələrindən biri kimi yaddaşlara həkk olunub. Xankəndi stadionunda keçirilmiş oyun həm də dünya ictimaiyyətinə bir daha nümayiş etdirib ki, Qarabağ Azərbaycandır! 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir