Azərbaycanın suverenliyini bərpa etdiyi Xankəndidə erməni separatçılığının mirası olan binaların sökülməsi Ermənistanı yaman qıcıqlandırır.
Halbuki, həmin binaların heç bir tarixi qiyməti və mədəni dəyəri yoxdur. Onlardan ikisini təqdim edirik.
Bunlardan biri “Artsaxı azad etmiş döyüşçülər ittifaqı”nın binasıdır. Ada baxın. Birinci olaraq seçilən ifadə Azərbaycanın tarixi və suveren ərazilərinin adlarını təhrif edir.
Başqa cəhətdən, bu, azadlıq yox, işğalı simvollaşdıran binadır.
Bina üç mərtəbə, zirzəmi, yarımzirzəmi və mezonin mərtəbəli olmaqla, ümumi sahəsi 1 886 kvadratmetr ərazini təşkil edir.
Binaya yuxarıdan baxdıqda xaç işarəsini xatırladır. Bunun özü də erməni təxribatıdır.
Xankəndi şəhərindəki mərkəzi meydandakı binanın açılışı 9 may 2013-cü il tarixində baş tutub. Mərasimdə Ermənistanın ozamankı prezidenti Serj Sarqsyan və qondarma rejimin “rəhbəri” Bako Saakyan iştirak ediblər.
Binanın açılışı bilərəkdən Şuşa şəhərinin işğalının növbəti ildönümü gününə təyin olunmuşdu. Həmin açılış Xankəndidə təşkil olunmuş “bayram tədbirləri” çərçivəsində baş tutub.
Binanın tikintisinə separatçı rejimin “müdafiə nazirliyi”nin və erməni diasporunun ən varlı nümayəndələrindən biri, 2014-cü ildə maliyyə fırıldaqlarına görə Rusiyada həbs olunmuş və həbsxanada vəfat etmiş Levon Ayrapetyanın xeyriyyə fondu dəstək olub.
Bununla yanaşı, tikintiyə o zamanlar işğalda olan ərazilərə külli miqdarda “investisiya” qoymuş “VALLEX Group”, Moskva, Stavropol şəhərlərindəki erməni diasporunun nümayəndələri də sponsorluq ediblər.
İkincisi, vaxtı ilə mövcud olmuş qondarma rejimin “parlament” binasıdır.
Ümumi sahəsi 1 350 kv.m olan binanın açılışı separatçı rejimin elan olunmasının 16-cı ildönümü günü – 2 sentyabr 2007-ci ildə olub.
Mərasimdə iştirak edən Ermənistan parlamentinin ozamankı spikeri Tiqran Torosyan bu binanı “Dağlıq Qarabağ Respublikasının ayaqda olduğunu göstərən növbəti sübut” və “gözəl hadisə” adlandırıb.
Qeyd edək ki, binanın tikintisi zamanı külli miqdarda yeyintiyə dair faktlar var. Məsələn, qondarma “parlament”in iclaslarında səslənən rəqəmlərə görə, binanın tikintisinə 2006-cı ildə 586 min ABŞ dolları ayrılıb, amma bu vəsait “kifayət etməyib”, ona görə 2007-ci ildə əlavə 985 min ABŞ dollarına qədər pul ayrılıb.
Bununla belə, binanın tikintisinin yekunlaşması üçün adları çəkilməyən digər sponsorlardan da vəsait götürülüb.
Bu binaların simvolik mənasına xüsusi diqqət yetirmək lazımdır. “Parlament” adlanan bina Azərbaycana qarşı işğal və soyqırımı planlarının cızıldığı və qərarların qəbul olunduğu terrorçu yuvası olub. Digəri isə minlərlə azərbaycanlının ölümündə əli olan terrorçu dəstələrin adlarını “müqəddəsləşdirir”.
Digər tərəfdən, haradan baxsan, bu tikililər qanunsuzdur. Qanunsuz tikililər Azərbaycanın istənilən şəhərində sökülür.
İndi Qarabağda belə dırnaqarası abidələrin sökülməsi Ermənistanı narahat edir. Ermənistan bu binaların sökülməsinə siyasi don geyindirməyə çalışaraq ideoloji yalan maşınını işə salır.
Son iki yüz il ərzində formalaşmış erməni ideoloji bazasının darmadağın olması Ermənistanın Azərbaycan qarşısındakı məğlubiyyəti ilə sürətləndi. İndi erməni ideologiyası tarixin ləkəli arxivinə göndərilmiş binaları mühafizə etməyə çalışır. Amma əbəsdir, çünki Azərbaycan hüquq və ədalət çərçivəsində iş görür. Yaxşı olar ki, Ermənistan və erməni lobbisi bunu dərk etsin.
Aqil Vəlili