• Be. Noy 25th, 2024

Paşinyan Kremllə rus ruletkası oynayır: Qərbin vədləri heç nəyə yaramayacaq – ŞƏRH + FOTO

ByYenigun.news

Mar 6, 2024


Rusiya ilə Ermənistan arasında münasibətlər gərgindir. Bunun səbəbi İrəvanın sürətlə Moskvadan uzaqlaşmaq cəhdidir. Ermənistanın baş naziri Nikol Paşinyanın və onun komandasının Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) barədə səsləndirdikləri tənqidi fikirlər ikitərəfli münasibətləri daha da kəskinləşdirir.

Rəsmi İrəvan adıçəkilən təşkilatda fəaliyyətini dondurduğunu açıqlayıb. Bunun üçün hüquqi prosedurların da yerinə yetiriləcəyi istisna deyil. Kreml KTMT məsələsinə görə N.Paşinyan hökumətindən izahat istəyir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Moskva İrəvanla münasibətlərə yenidən baxa bilər.

Əlbəttə, Ermənistanın KTMT-dən çıxması ilə Rusiya ciddi itkiyə məruz qalmayacaq. Amma bu, açıq şəkildə Kremlə meydan oxumaq cəhdidir. Moskvanın İrəvanın bu davranışına ciddi reaksiya verməsi mümkündür.

Sözsüz ki, Rusiya ilə belə çəkişmələr Ermənistanın gücünə, mövqeyinə uyğun deyil. Çox böyük ehtimalla İrəvan bu barədə direktivləri Qərbdən, o cümlədən Fransadan alır. 2008-ci ildə Gürcüstanda olanları yada salaq: Qərbin də təhriki ilə Gürcüstanla Rusiya arasında müharibə başlandı. Nəticədə Rusiya Cənubi Abxaziya və Osetiyanı tutdu. İndi isə nə Gürcüstanın, nə də onun keçmiş prezidenti Mixail Saakaşvilinin taleyi Qərbi maraqlandırır.

ABŞ və müttəfiqlərinin Şərqi Avropada etdikləri də bu qəbildəndir: Ukrayna vasitəsilə Rusiyaya qarşı müharibəyə başladılar, indi isə geri çəkilirlər.

Məqsəd aydındır – Rusiyanın ayrı-ayrı regionlara təsirini azaltmaq. Rəsmi Moskva ilə birbaşa qarşılaşmaq istəməyən Qərb bunun üçün proksilərdən yararlanır.

Bu gün Qərb Ermənistan vasitəsilə Rusiyaya qarşı ikinci cəbhə açmağa çalışır. Kreml isə bunu başa düşdüyünə görə mümkün qədər soyuqqanlı davranır. Məsələ ondadır ki, Ermənistanın qıcıqlandırıcı ritorikası Rusiyanın bu dövlətə müdaxiləsi ilə nəticələnə bilər. Bu zaman Avropa da hərəkətə keçəcək. Bu, indiki halda Moskvaya sərf etmir. Çünki gücü parçalanacaq, bir neçə cəbhədə mübarizə aparmalı olacaq. Amma nəzərə almaq lazımdır ki, ehtimal olunan bu ssenari nəticəsində ən çox ziyan çəkən Ermənistan olacaq. Ölkə ərazisi faktiki olaraq poliqona çevriləcək. Ermənistanın gücü Ukraynanın potensialından dəfələrlə azdır. Ona görə bu versiyanın reallaşması Ermənistana baha başa gələcək.

ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun hesabatında bildirilib ki, Rusiyadan uzaqlaşmaq cəhdi N.Paşinyana baha başa gələ bilər. Qeyd olunub ki, o, Kremli qıcıqlandırmağa çalışır: “Bu da ağır nəticələrə səbəb ola bilər”. Vurğulanıb ki, bəzi analitiklər də bu mövqeyinə görə N.Paşinyanı tənqid edirlər.

Ehtimal etmək olar ki, baş nazir Qərbdən ciddi təhlükəsizlik təminatları, vədlər alıb. Əks halda belə riskli addımlar atmazdı. Amma onu da nəzərə almaq lazımdır ki, Rusiyanın adekvat reaksiyasının yeganə təzahürü Ermənistan ərazisinə hərbi müdaxilə deyil. Bu ölkədəki 102-ci hərbi baza özü N.Paşinyan hakimiyyəti üçün “Domokl qılıncı”dır. 

Bütün bunlar onu göstərir ki, Ermənistan qıcıqlandırıcı ritorikasını bundan sonra da davam etdirəcək və hətta “doza”nı artıracaq. Moskvanın isə sonsuza qədər səbirli olacağı inandırıcı deyil.

Beləliklə, N.Paşinyan faktiki olaraq rus ruletkası oynayır. Onun nəinki hakimiyyəti, həm də şəxsi təhlükəsizliyi təhdid altındadır.

“Report” İnformasiya Agentliyi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir