• Bz. Noy 24th, 2024

Qlobal internet şəbəkəsi şok yaşadı: Alternativ yolda Azərbaycanın iştirakı – TƏHLİL + FOTO

ByYenigun.news

Mar 6, 2024


İranın dəstəyi və verdiyi təlimatlar əsasında Yəməndə fəaliyyət göstərən, dünya ticarət marşrutlarını bloklamağa çalışan Husi hərəkatını döyüşlərdən çəkindirmək mümkün olmayıb.

Hərçənd ki, ABŞ və Böyük Britaniya birgə hava əməliyyatları hazırlayaraq Yəməni aviazərbələrə məruz qoyur.

Bir ay yarımdan çoxdur fasilələrlə davam edən hava zərbələrinə baxmayaraq, Husi üsyançıları əhəmiyyətli hücumlar təşkil etmək iqtidarını qoruyub-saxlayırlar.  

Qısası, husiləri geri oturtmaq mümkün olmayıb və onlar İranın maksimalist ambisiyalarının təmini üçün sonacan vuruşmağı müqəddəs vəzifə hesab edirlər.

Qırmızı dənizdə husilərin ticarət gəmilərinə və hərbi təyinatlı gəmilərə hücumları fonunda qabarıqlaşan hərbi insidentlər sualtı telekommunikasiya şəbəkələrini də sıradan çıxarır.

Ehtimal edilir ki, dörd əsas telekommunikasiya şəbəkəsinə aid kabellər kəsilib və bu, dünya internet şəbəkələrində əhəmiyyətli pozulmalara səbəb olub.

Honkonqda yerləşən telekommunikasiya şirkəti “HGC Global Communacations” bildirir ki, Asiya, Avropa və Yaxın Şərq arasındakı telekommunikasiya nəqliyyatının 25 faizi kabel kəsilmələrindən təsirlənib.

Kabellərin zədələnməsinin arxasında konkret hansı qüvvənin dayandığını təxmin etmək də çətinləşir. Şübhələr husilərə yönəlsə də, onlar da ittihamları rədd edirlər.

Hərçənd qlobal təchizat zəncirlərini qırmaq niyyətini açıq göstərən husilərin internet xətlərini də zədələməsi təəccüblü gəlməyə bilər. Amma ortaya sual çıxır: Üsyançılar dəniz səthindən yüzlərlə metr aşağıda yerləşən xətləri hədəfə almaq üçün dalğıc və ya “xilasetmə qabiliyyətinə” malikdirlərmi?

Husilər öz növbəsində kabellərin onlar tərəfindən hədəfə alındığını inkar ediblər. 

Üsyançılar bundan əvvəl Britaniya və ABŞ hərbi əməliyyatlarını telekommunikasiya şəbəkəsinin zədələnməsinə səbəb kimi göstəriblər. Lakin iddianı dəstəkləmək üçün sübut təqdim etməyiblər.

Göründüyü kimi, məsələnin düşünüldüyündən də dərin və mürəkkəb bəşəri problematik konteksti var.

Hər halda, telekommunikasiya xətlərinə qarşı təxribatların müəllifinin kim olmasından asılı olmayaraq, bu, davam edən böhranı daha da gücləndirə və geosiyasi rəqabət səhnəsində qanqaraçılığı artıra bilər.

Qırmızı dənizdə kabellərin kəsilməsi internet trafikini həyata keçirən dəhlizlərin ciddi təhlükədə olduğunu göstərir.

Belə olduğu təqdirdə, alnertanativ dəhlizlər daha cəlbedici görünür, misal üçün Orta Dəhlizin Rəqəmsal İpək Yolu prioritetləri çərçivəsində qiymətləndirmələri gündəmə gəlir.

Bildirək ki, Rəqəmsal İpək Yolunun inkişafı Çinin gələcək geosiyasi təkamülü üçün mühüm rol oynayır. Çinin iqtisadi güc mərkəzi kimi tərəqqisi texnoloji hədəflərin də mühərrikinə çevrilir.

Rəqəmsal İpək Yolu Çinin getdikcə daha uğurlu qlobal əlaqəsi üçün strateji əsasları təcəssüm etdirir.

Qeyd edək ki, 2015-ci ildə istifadəyə verilmiş Rəqəmsal İpək Yolu Çinin “bir kəmər, bir yol” layihəsinə qabaqcıl texnologiyanın daxil edilməsinə istinad edib.

Rəqəmsal İpək Yolu telekommunikasiya imkanlarını artıran və ya rəqəmsal iqtisadiyyatların qurulmasına kömək edən texnologiyalar kimi müəyyən edilir.

O, əsasən telekommunikasiya-şəbəkə infrastrukturuna, o cümlədən 5G, sualtı və yerüstü fiber-optik kabellər, peyk yerüstü izləmə stansiyaları, məlumat mərkəzləri daxil olmaqla geoiqtisadi sərmayələrə işarə edir.

Rəqəmsal İpək Yolu Azərbaycanın da önəm verdiyi Orta Dəhliz marşrutunu canlandırır.

Çünki bu layihə Orta Dəhliz ölkələrindən – Gürcüstan, Türkiyə, Azərbaycan, Qazaxıstan – və Türkmənistan ərazilərindən keçməklə meqarəqəmsal telekommunikasiya şəbəkəsini inkişaf etdirir.

Orta Dəhliz üzrə həmin marşrut yüksək ötürmə qabiliyyəti və məlumatların ötürülməsində ən az gecikmə ilə ən optimal, ən qısa marşrut olacaq və regional əməkdaşlıq və inkişafa təkan verəcək.

Bu, həmin regionların internet trafikinə artan tələbatını ödəməyə və regionda rabitə xidmətlərini yaxşılaşdırmağa kömək edəcək. Bundan başqa, layihə Avrasiyada iqtisadi sabitliyi və rifahı genişləndirəcək.

Transxəzər Fiber Optik Kabel Xətti layihəsi

“AzerTelecom” şirkəti 2018-ci ilin sonundan Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin yaradılması məqsədilə Azərbaycan Respublikası ilə Orta Asiya ölkələri arasında Xəzər dənizinin dibi ilə magistral fiber-optik kabel xəttinin çəkilməsi üçün “Transxəzər Fiber Optik Kabel Xətti” layihəsinə start verib.

Layihə iki istiqamətdən ibarətdir. Birinci istiqamət Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə magistral fiber-optik kabel xəttinin çəkilməsini, ikinci istiqamət isə Azərbaycan-Türkmənistan marşrutu üzrə Xəzər dənizinin dibi ilə magistral fiber-optik kabel xəttinin çəkilməsini nəzərdə tutur.

Rəqəmsal İpək Yolunun əsas komponentlərindən biri də Gürcüstanda fəaliyyət göstərən “Caucasus Online” şirkətidir. Bu, “Rəqəmsal İpək Yolu” layihəsinin Avropaya aid hissəsini təşkil edir.

Rəqəmsal İpək Yolunun Avropa hissəsi Qara dənizin dibi ilə Bolqarıstan və Gürcüstan arasında “Caucasus Online” şirkətinin sahib olduğu fiber-optik sualtı infrastrukturdan ibarətdir (Bu məlumatlar digitalsilkway.az-a məxsusdur).

Göründüyü kimi, Qırmızı dənizdəki insidentlərin yaratdığı beynəlxalq telekommunikasiya problemləri Rəqəmsal İpək Yolunun perspektiv fəaliyyəti üçün üfüqlər açır.

Beynəlxalq internet şəbəkəsinin çevik və optimal işləməsi üçün geosiyasi güclərin rəqəmsal iqtisadi artıma diqqətləri artırması gözləniləndir.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir