Ötən gün Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə ölkədə fəaliyyət göstərən “Toplum” TV-də axtarış aparılması ilə bağlı yayılan xəbərləri təsdiq edib. Nazirliyin Mətbuat Xidmətindən bildirilib ki, paytaxtın Nərimanov rayonu, Y.V.Çəmənzəminli, ev 98B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.
Nazirliyin bu açıqlaması sosial şəbəkələrdə yaşanan ajiotajın əsassız olduğunu, bu axtarış tədbirlərinin qanun çərçivəsində həyata keçirildiyini ortaya qoyub. Aparılan tədbirlərdən sonra cinayət işi də başlanılıb. Bu iş çərçivəsində saxlanılan şəxslərdən bəzilərinə qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
Bu məlumatlardan bəlli olur ki, ortada konkret ittiham var və son söz də məhkəmənindir. Yəni bu məsələdə hər hansı bir qanunsuzluq, hüquq pozuntusu yoxdur, ola da bilməz. Məhkəmə sonda qanunauyğun formada öz qərarını elan edəcək.
Məsələnin digər tərəfi ondan ibarətdir ki, Qərbdə fəaliyyət göstərən bir sıra anti-Azərbaycan şəbəkələr çirkin kampaniyalarını bir an olsun dayandırmır, ölkəmizə qarşı total hücumu gücləndirirlər. “Abzas media”nı yada salaq.
Birincisi, əvvəllər də olduğu kimi, növbəti dəfə Avropa strukturları qanunazidd şəkildə medianı, jurnalistləri və ayrı-ayrı şəxsləri maliyyələşdirmək kimi çirkin oyun aparırlar. Bununla bağlı ciddi dəlillər müəyyən edilib. İkincisi, Qərb növbəti dəfə “demokratik inkişafa dəstək vermək” adı altında xeyli sayda donor təşkilatı ilə yaxın əlaqələr quraraq gizli əməkdaşlığa start verib. “Zəif bənd” kimi yenə də media orqanı altında fəaliyyət göstərən qurum seçilib. Üçüncüsü, artıq bəyan edilən faktlar geniş şəbəkə yaradılmaqla qanunsuz maliyyə maxinasiyalarının həyata keçirildiyinə və çirkli pulların yuyulduğuna dəlalət edir. Dördüncüsü, yenə də Qərb strukturları maliyyələşməni Gürcüstan vasitəsilə həyata keçiriblər. Ölkəmizdəki şəbəkəyə buradan maliyyə ötürülür. Adətən, belə təcrübəni terror təşkilatları həyata keçirirlər. Adsız kartlardan, həvalə mexanizmindən geniş istifadə olunur.
Baş verənlər bir daha təsdiq edir ki, “söz azadlığı” adı altında Qərb strukturları öz pozucu fəaliyyətlərini səngitmək fikrində deyillər. Hədəf də bəllidir – Azərbaycanda qarışıqlıq yaratmaq, mövcud sabit vəziyyəti pozmaq.
Aparılan çirkin kampaniyanın arxasında konkret olaraq hansı dövlətlərin dura biləcəyi də maraq doğurur. Sözsüz ki, ilk yerdə azərbaycanofobiya və türkofobiya siyasətini aparan Fransa dayanır. Məhz bu respublikadan ölkəmizə qarşı çirkin qarayaxma kampaniyası aparıldığını təsdiq edən çoxsaylı fakt mövcuddur. Fransa ilə yanaşı, bu sıraya Amerika Birləşmiş Ştatlarını (ABŞ) da daxil etmək olar. ABŞ-də keçiriləcək seçki ərəfəsində erməni lobbisindən dəstək almaq üçün dəridən-qabıqdan çıxan bu qüvvələr Azərbaycanı hədəf alır, xarici agent statusundan geniş yararlanır və ya xarici təsir altında olmaqda şübhəli bilinən şəxslərə qarşı tədbir görürlər. Öz ərazisində hər hansı xarici təsiri qadağan edən, buna görə vətəndaşlarını məsuliyyətə cəlb edən ABŞ digər ölkələrdə, o cümlədən Azərbaycanda bu işləri – başqasının daxili işlərinə qarışmağı böyük həvəslə həyata keçirir. Müxtəlif ölkələrdə bu əməllərə qarşı tədbirlər görüləndə isə xarici mediada həmin ölkəyə qarşı çirkin kampaniyalar təşkil edilir.
Vahid mərkəzdən idarə olunan bu kampaniya xarici medianın da iştirakı ilə həyata keçirilir. Baş verənlər fonunda Azərbaycana qarşı xarici mediada qarayaxma kampaniyasının aparılması da bu qənaəti möhkəmləndirir.
Yekunda bir şeyi də dəqiq deyə bilərik, yuxarıda adı çəkilən media orqanına qarşı qanuni tədbirlərin görülməsindən sonra xarici media, hüquq müdafiə təşkilatları, Qərb rəsmiləri tərəfindən ardıcıl ittihamların səslənəcəyi şübhəsizdir. Lakin əmin olsunlar ki, bütün bu addımlar Azərbaycanı öz daxili məkanını təxribat və qeyri-qanuni fəaliyyətlərdən qorumaqdan çəkindirməyəcək.
“Report” İnformasiya Agentliyi