• Be. Noy 25th, 2024

Bəzi dairələr təsis etdikləri fondlar hesabına Azərbaycan daxilində sabitliyi pozmağa çalışırlar – RƏY + FOTO

ByYenigun.news

Mar 8, 2024


“Bəzi dairələr təsis etdikləri fondlar hesabına Azərbaycan daxilində sabitliyi pozmağa çalışırlar”.

Bu barədə “Report”a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.

Onun sözlərinə görə, ABŞ və Qərbin bir çox fondları müstəqil siyasət yürüdən dövlətlərin uğurlarını əlindən almaq üçün iş aparırlar:

“Onlar gizli yollarla ayırdıqları maliyyə vəsaitləri ilə mətbuat orqanları, QHT-ləri maliyyələşədirir və öz sifarişlərini icra etdirirlər. Qərbin bu çirkin planlarının qarşısını vaxtında ala bilməyən ölkələr də xalqı dövlətə qarşı qaldıraraq rəngli inqilabların təşkil olunmasına nail olurlar. Sonra da öz adamlarını hakimiyyətə gətirərək firavan yaşayan xalqların həyatını cəhənnəmə döndərirlər. Ərəb baharları gözümüzün qarşısında baş verib. Ukraynada nail olduqları narıncı inqilabın nəticəsidir ki, bu gün ölkə müharibə burulğanında çətin vəziyyətə düşüb. Gürcüstanda isə torpaqlarının itirilməsi ilə nəticələnib. Eyni zamanda Rusiyada da həyata keçirmək istədikləri planların qarşısı alındı”.

A.Badamov deyib ki, Soros, USAID, Samanta Pauer və digər fondlar Azərbaycanda da dağıdıcı planlarını həyata keçirməyə çalışdılar:

“Belə ki, “Abzas Media”nı, “Toplum TV”ni, müəyyən QHT-ləri, radikal müxalifəti və sairə maliyyələşdirirlər və ölkəmizdəki siyasi sabitliyi pozmaqla xalqı dövlətə qarşı çıxmağa çalışırlar. Təbii ki, Azərbaycan dövlətinin təhlükəsizlik orqanları dövlətə qarşı cinayətkar məqsədlərini həyata keçirmək istəyənləri vaxtında müəyyən edir və neytrallaşdırır. Bu gün ərazilərimizin suverenliyini təmin etməyimizi, zəfərə imza atmağımızı və müstəqil siyasət yürütməyimizi həzm edə bilməyən dairələr özlərinin təsis etdiyi fondlar hesabına ölkəmizin daxilində sabitliyi pozmağa çalışırlar. Onlar birmənalı şəkildə bilməlidirlər ki, digər ölkələrdə həyata keçirmələrinə nail olunmuş oyunlar Azərbaycanda baş tutmayacaq. Çünki ölkəmizdə sarsılmaz birlik var və fevralın yeddisində keçirilmiş seçkidə xalqımızın yüksək faizlə öz dövlət başçısına yenidən etimad göstərməsi həmin dairələrə verilən ən düzgün cavabımızdır. Bununla yanaşı, dövlətə qarşı iş apararaq cinayət törədən hər kəs əməlinə görə cəzasını almalıdır”.

Milli Məclisin üzvü vurğulayıb ki, Qərb Azərbaycanda demokratiya, insan haqları, söz azadlığının olmadığını və siyasi baxışlarına görə həbslər keçirildiyini bildirməklə saxta ittihamlar səsləndirir:

“Azərbaycanda siyasi baxışlarına görə heç kim həbs olunmur. Bununla yanaşı, demokratiya pərdəsi altında insanlar arasında dövlətə qarşı fikir yaratmasına da heç kimə imkan verilməyəcək. Burda sual olunur ki, ABŞ və Qərbdə insan haqları, söz azadlığı qorunurmu? Qərbin bu məsələlərə aidiyyəti yoxdur. Əgər belə olmasaydı, Edvard Snouden, Culian Asanc və digərlərinə qarşı məxfi məlumatların yayılması bəhanəsi ilə təqib və həbslər həyata keçirməzdilər. Onların da hüquq və azadlıqları təmin olunmalıydı. Fransada öz fikirlərini ifadə etrmək üçün dinc aksiya keçirən insanlar polis dəyənəyi altına salınaraq həbsxanalara atılmazdılar. Yeni Kaledoniyaya ezam olunmuş AZƏRTAC-ın jurnalisti Aygün Həsənovanın Fransa polisi tərəfindən qeyri qanuni həbs olunaraq işgəncələr verilməsi, deportasiya edilməsi söz azadlığının və jurnalisitin informasiya almaq hüququnun tapdalanması deyildimi? Belə misalları çox çəkmək olar. Təbii ki, onlar bu mövzuları milli müstəqilliyinə qovuşmuş ölkələrin müstəqlliklərini əllərindən almaq üçün silah kimi istifadə edirlər”.

A.Badamov söyləyib ki, Azərbaycan dövləti demokratiyanı, insanların hüquq və azadlıqlarını, mətbuat azadlığını Qərbin xoşuna gəlməsi üçün təmin etməyib:

“Ölkəmizdə bütün hüquqlar vətəndaşlarımızın firavan yaşaması üçün təmin olunub. Amma heç kimə də təmin edilmiş hüquqlardan sui-istifadə edərək dövlətə qarşı istifadə olunmasına da imkan verilməyəcək. Biz bundan sonra da ölkəmizə basqılarla və təxribatları həyata keçirmək cəhdləri ilə qarşılaşacağıq. Lakin xarici və daxili düşmənlərimizin çirkin planları heç vaxt ayaq tutub yeriməyəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir