• Ça. Noy 26th, 2024

“Bəzi Qərb dairələrinin maliyyəsi ilə Azərbaycana qarşı qarayaxma kampaniyası aparılır” – RƏY + FOTO

ByYenigun.news

Mar 11, 2024


Milli Məclisin deputatı Cavid Osmanov bəzi Qərb dairələrinin təsis etdikləri fondların maliyyəsi ilə Azərbaycana qarşı həmişə qarayaxma kampaniyası apardığını, ölkədə daxili, ictimai-siyasi stabilliyi pozmağa çalışdığını bildirib.

Deputat “Report”a açıqlamasında qeyd edib ki, Azərbaycan dövlətçiliyi əleyhinə müxtəlif kampaniyalar aparan Qərb dairələri belə addımlarla ölkəni zəiflətməyə çalışırlar.

Onun sözlərinə görə, bunun üçün müxtəlif fondlar yaradılır və onların maliyyəsi ilə təxribat xarakterli hərəkətlər edilir:

“Soros, USAID kimi fondlar Azərbaycanda da təxribat xarakterli planlar, media və internet resurslar vasitəsilə özlərinə xidmət edən addımlar həyata keçirmək istəyirlər. Son günlərdə adı xoşagəlməz hallarda çəkilən “Abzas Media”, “Toplum” TV, bəzi qeyri-hökumət təşkilatları, radikal müxalifəti və s. maliyyələşdirməklə xalqı dövlətə qarşı çıxarmaq niyyəti güdürlər. Hüquq-mühafizə orqanlarının həyata keçirdikləri əməliyyatlardan da aydın olur ki, ölkə daxilində, xüsusilə bəzi media resursları arasında onlara xidmət edənlər mövcud imiş”.

Parlamentari bildirib ki, Vətən müharibəsindəki tarixi qələbə, lokal antiterror tədbirləri ilə Azərbaycan suverenliyini tam təmin etdikdən sonra ölkəmizə qarşı belə kampaniyalar daha da şiddətlənib, genişləndirilib. Qərbin bu planları heç vaxt baş tutmayacaq.

C.Osmanovun sözlərinə görə, Qərb Azərbaycanın güclü dövlət olduğunu anlamalı və görməlidir:

“Azərbaycanda xalq birliyi var və Ali Baş Komandanın ətrafında sıx birlik mövcuddur. Bu həmrəylik daha da möhkəmlənməkdədir. Bu gün Azərbaycanın hüquq-mühafizə orqanları ayıq-sayıqdır, dövlətçiliyimizə təhdidlərin qarşısı qətiyyətlə alınır, bundan sonra da alınacaq. Qərb bilməlidir ki, belə addımlar Azərbaycana heç bir təsir etməyəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir