• Ça. Noy 26th, 2024

Paşinyan “Tavuşdan başlayaq” deyir – TƏHLİL

ByYenigun.news

Mar 12, 2024


Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında Azərbaycanla sərhədlərin delimitasiyası barədə yeni məlumat açıqlayıb.

Paşinyan delimitasiyanın Tavuş bölgəsindən başlayacağını istisna etmədiyini deyib.

O, mövqeyini bildirərkən “delimitasiya prosesi çətin olan” ərazilər konteksti fonunda Tavuş vilayətinin adını çəkib.

Bu açıqlama ilə Azərbaycan tərəfi də razıdırsa, onda sərhədlərin müəyyənləşdirilməsi mövzusunun Tavuş vilayəti ilə sərhədləri bölüşən Qazax, Tovuz və Gədəbəy ərazilərini əhatə edəcəyi gözləniləndir. İstisna etmək olmaz ki, Bakının İrəvanla texniki xarakterli razılığı mümkündür. Amma problem daha dərindir.

Paşinyan qeyd edir ki, delimitasiyanı bütövlükdə aparmaq, sonra konkret hərəkətlərə və ya ara variantlara keçməklə əlaqədar fikirlər var.

Ümumi kontekstdə, onsuz da, delimitasiya prosesi mürəkkəb və ağrılıdır. Paşinyanın açıqlamasının isə həll yolu olacağı sual altındadır, çünki Azərbaycanın delimitasiya tələbləri ilə Ermənistanınkı fərqlidir.

Baş nazir delimitasiyanı daha çox Ermənistanı regional təcriddən çıxaracaq kommunikasiya yolları kimi təqdim edir.

Paşinyandan iqtibas: “Yaxın gələcəkdə kommunikasiyalarımızın harada olduğunu öyrənməliyik. Ermənistandakı bütün kommunikasiyaların onun ərazisindən keçdiyinə əmin olmalıyıq ki, bizim bu sahədə problemimiz olmasın”.

Bakı isə delimitasiyanın şərtini fərqli qoyur: ilk növbədə Qazaxın yeddi kəndinin, Naxçıvandakı Kərki kəndinin mərhələli qaytarılmasını önə sürür.

Əgər Paşinyan delimitasiya prosesi çərçivəsində Azərbaycanın tələblərindən kənara çıxmaq meylini nümayiş etdirəcəksə, onda məsələ daha da qəlizləşəcək.

Çünki Ermənistanda belə mövqe var ki, ona məxsus kəndlərdən Azərbaycanın nəzarətində olanlar var. Hərçənd, bu yanaşmanın özü qeyri-müəyyəndir.

Üstəlik, Azərbaycan qarşılıqlı ərazi mübadiləsi variantını heç bir halda masaya qoyan deyil, ona görə ki, Bakı ümumiyyətlə İrəvanın qeyd etdiyi bölgələri mübahisəli predmet qismində görmür.

Buna görə də Paşinyanın delimitasiya kontekstində ərazilərin dəyişdirilməsi prinsipi Azərbaycan üçün həll variantı sayıla bilməz.

İrəvan sərhədlərin müəyyənləşdirilməsi üçün SSRİ hərbi xəritələrindən istifadədə israrlıdır.

Azərbaycan Prezidenti İlham Əliyev isə yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində Zəngəzurun, İrəvanın Ermənistana verilməsini xatırladaraq həmin xəritə təklifini rədd etdiyini açıqlamışdı.

Sitat: “Bizim mövqeyimiz çox ədalətli və məntiqlidir. Ya siyasi metodologiya əsas götürülməlidir, ya xronologiya götürülməlidir, ya da biz bütövlükdə heç bir xəritə əsasında işimizi qurmamalıyıq. Komissiya yaradılıb. Komissiyanın işini fəallaşdırmaq üçün ekspert qrupları yaradılmalıdır. Getsinlər, qarış-qarış o yerləri gəzib o sərhədi müəyyən etsinlər. Çünki bu gün bizim sərhədimiz şərti xarakter daşıyır”.

Prezidentin bu mövqeyi təkcə sərhədin bir neçə istiqaməti yox, ümumilikdə Ermənistanla sərhəd boyunca uzanan ərazilərə şamil edilə bilər.

NƏTİCƏ:

Paşinyanın açıqlamalarına Azərbaycan tərəfinin texniki cavabı müsbət ola bilər, o mənada ki, delimitasiyanın prinsipcə baş nazirin dediyi ərazilərdən başlaması problemli məsələ deyil.

Problem olan odur ki, delimitasiya üzrə siyasi və tarixi yanaşmalar fərqli məntiqlərə söykənir. Ona görə də sərhədlərin necə müəyyən edilib, prosesin yekunlaşdırılması hələ də mürəkkəb mövzu olaraq qalmaqdadır.

Üstəgəl, Azərbaycan Ermənistanın işğalı altında qalan ərazilərini heç bir halda İrəvanın nəzarətində olan kommunikasiya yolu kimi nəzərdən keçirmir.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir