Rusiya informasiya məkanının təbliğat ruporu Vladimir Solovyov “Crocus City Hall”dakı terror aktında “Azərbaycan izi” axtarmağa girişib.
Solovyovun absurd yanaşması onun erməni lobbisinin fəalları Marqarita Simonyan və Aram Qabrielyanovla eyni ip üzərinə çıxdığını göstərir.
Bu “trio”nun Azərbaycana qarşı vahid bir yanaşması mövcud olduğundan onların eyni mərkəzdən idarə olunması faktı təsdiqlənir.
“Azərbaycan və terror” mövzusunun eyniləşdirilməsini tirajlayan mərkəzlərdən biri də qaranlıq dövriyyəsi olan “Taşir” şirkətlər qrupunun rəhbəri Samvel Karapetyandır.
Halbuki, Azərbaycan terrorizmlə mübarizədə səmimi olan güclər üçün vicdanlı və etibarlı tərəfdaşdır.
Solovyov və əmrlərinə müntəzir olan dairələr isə:
– Azərbaycanın terrorizmlə mübarizədəki reputasiyasını zədələmək üçün qara piar aparır,
– Azərbaycanla Rusiya arasındakı müttəfiqlik münasibətlərinə, o cümlədən iki ölkənin təhlükəsizlik sahəsindəki əməkdaşlıq ruhuna xələl gətirmək istəyirlər.
Onlara narahatlıq verən bir xüsusiyyət də var.
Belə ki:
– Azərbaycan Prezidenti İlham Əliyev terror aktı ilə əlaqədar rusiyalı həmkarı Vladimir Putinə zəng etdi,
– Liderlər telefon danışığında terrorçuluğa qarşı mübarizə sahəsində birgə səylərin davam etdiriləcəyini vurğuladılar.
Liderlərin müzakirələrindəki əsas məğz, ən azından, üç istiqamət üzrə aktuallığı qeyd edir.
Birincisi, praktiki olaraq Azərbaycanla Rusiya terrorizmlə mübarizədə eyni tərəfdə olduqlarını göstərirlər.
İkincisi, Əliyevlə Putin regionda terroru məğlub etmək əzmində olduqlarını nümayiş etdirirlər.
Üçüncüsü, regionda terror ideologiyasını təşviq edən istənilən mənşə qüvvələrə qarşı müştərək hərəkətlər vacibdir.
Ancaq Rusiyada hələ də Azərbaycanla tərəfdaşlıq münasibətlərindəki ipləri qırıb Bakını hədəfə gətirmək və bununla regionda anti-Azərbaycan isterikasını körükləmək istəyən qüvvələr fəaliyyətdədirlər.
Moskva isə Bakı ilə regional gündəlikdəki ortaq maraqları nəzərə alıb, həmin qüvvələri, heç olmasa, neytral mövqeyə keçirməlidir.
Bu, həm də Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti Haqqında Bəyannamənin yaratdığı öhdəlikdir.
Aqşin Kərimov