• Şb. Noy 23rd, 2024

Fransa Cənubi Qafqazda müharibə qapılarını döyür – TƏHLİL

ByYenigun.news

Mar 28, 2024

Fransa Prezidenti Emmanuel Makron ölkəsinin Cənubi Qafqaz siyasətindəki təkəbbürlü və iddialı mövqeyini davam etdirir.

Makron hətta Fransanın rəqibləri ilə sövdələşməyə girib Azərbaycan-Türkiyə strateji müttəfiqliyi, bu müttəfiqliyin əmələ gətirdiyi regional əməkdaşlıq çarxının arasına çomaq soxmağı qarşısına məqsəd qoyub.

Lakin Parisin dirənişinə baxmayaraq, Azərbaycanın regional genişlənmə siyasətinin təzahürləri Fransanın planlarının iflasa uğradığını göstərir.

Qlobal nüfuza malik “Le Fiqaro” nəşri yazdığı məqalədə Fransanın təşəbbüslərinin nəticə vermədiyini bildirir.

Belə ki, Makron:

– Qarabağa dair konfrans təşkil etmək istəyib, amma bu, ABŞ-nin etirazı səbəbindən baş tutmayıb,  

– 2022-ci ilin oktyabrında “erməni məsələsini” Roma Papası ilə müzakirə etmək üçün özü ilə ermənipərəst yazıçı Silven Tessonu da aparıb. Amma Vatikandan istədiyi dəstəyi ala bilməyib.

Şübhəsiz ki, “Le Fiqaro” nəşrinin iddiaları Yelisey Sarayından sızdırılmış informasiya yükünün ictimai elanıdır və Parisin məqsədi uğursuzluqlarını ört-basdır etməkdir.

Fransanın Cənubi Qafqazda “erməni mərkəzli” geosiyasi teatr yaratmaq cəhdinin boşa çıxmasının başqa səbəbləri də var.

Fransa Rusiya-Ukrayna müharibəsi başlayandan bəri nümayiş etdirdiyi ikibaşlı mövqelərlə hətta NATO daxilində belə mənfi və kəskin reaksiyalara məruz qalıb.

Ona görə ki, Fransa Ukraynada müharibə başlayandan sonra NATO-nun müdafiə maraqlarından deyil, özünün fərdi ambisiyalarından çıxış etdi. Düzdür, indi Makron səhvlərini düzəldib yenidən Fransanın imicini bərpa etməkdən ötrü Rusiyaya qarşı demarş fonu yaradır. Ancaq artıq ox yaydan çıxıb və aydın görünür ki:

– Fransanın qlobal nüfuz bölgülərindəki payları əlindən alınır,

– Makronun Ukrayna ilə bağlı bəyanatlarının şou xarakterli olmaq ehtimalı Avropanın təhlükəsizlik panoramasında ümumi narahatlıqları artırır,

– Fransa Rusiya-Ukrayna müharibəsinin təsirləri ilə Avropada daxili qüvvələr balansını öz hegemonluğu ilə əvəzləmək istəyir.

Yelisey Sarayında cızılan sxemlər təbii ki, Fransanın Cənubi Qafqazda Azərbaycanın və Türkiyənin formalaşdırdığı “sülh üçün sakitləşdirmə” siyasətini də hədəfə alır. Bunu təkzib edəcək məqamlar da nəzərə çarpmır və Paris hər keçən gün narrativlərini Ermənistanın xeyrinə radikallaşdırır.

Buna baxmayaraq, Fransanın regional və qlobal mövqeyinin həm orta, həm də uzunmüddətli perspektivdə yarada biləcəyi problemlər araşdırılır. Bu araşdırmalar Qərbin rəsmi strateji orqanları ilə yanaşı, onlarla ziddiyyətdə duran Rusiya tərəfindən aparılır.

Hər iki tərəfdən sıxışdırılan Fransa çarəsiz qalaraq genişlənmə siyasəti üçün Cənubi Qafqazda müharibə qapılarını döyür. Məqsəd digər maraqları rədd edib onları öz məqsəd və ambisiyaları ilə doldurmaqdan ibarətdir.

Fransanın bunun üçün regionda məxfi gündəliyə söykənən koalisiya formalaşdırmaq üçün dəridən-qabıqdan çıxdığını da görmək çətin deyil və burada yuxarıda qeyd etdiyimiz tezisi təkrarlamaqda fayda var:

Bəli, Fransa Cənubi Qafqazda liderlik rolunu almaqdan ötrü hətta rəqabətdə olduğu dövlətlərlə belə sövdələşmə kanalları axtarır, hərçənd ki, bunun effekt verdiyini sezmək çətindir.

Amma Fransanın ritorikasının və Ermənistana dəstəyinin səs-küyü getdikcə artır, üstəlik, Avropa İttifaqı da prosesə cəlb edilir.

Bu, bir qədər çaşqınlıq yaradır: bir tərəfdə Avropa İttifaqının Azərbaycanla tərəfdaşlıq münasibətləri, digər yanda isə Bakıya qarşı qisasçılıq hissinin alovlandırılması.

Fransa birinci prinsipi ayaqlar altında tapdalatmaq niyyətindədir, lakin Avropa İttifaqının özü birləşib Parisin böyümək üçün seçdiyi belə metoda qarşı olmalıdır.

Hələlik, Fransanın Cənubi Qafqazdakı mövqelərinin zəifləməsi aşkar şəkildə görünür və Parisin bu geriləməsi Azərbaycanın strateji maraqlarının böyüməsi üçün əlavə fürsətlərə çevrilir.

Fürsət ona görə qiymətlidir ki, Azərbaycan Parisin sıza bilmədiyi boşluqları nəzarətə götürərək müdafiə strategiyasını təkmilləşdirir.

Bu strategiya Fransanın Ermənistanı silahlandırmasına qarşı ən effektiv müdafiə refleksi kimi faydalıdır.

Prosesin mənalandırılmasından irəli gələn proqnozlar bu cür ola bilər ki:

– Ermənistan Parisin himayədarlığı altında Azərbaycana qarşı hərbi hərəkətlənməyə keçsə, ağır zərbələrə məruz qalacaq,

– Fransa Azərbaycanın taktiki və strateji nəticələrinin davamının gəldiyi təqdirdə Bakı ilə münasibətlərdə daha ehtiyatlı mövqe tutmaq marşrutuna girəcək,  

– Regionda Fransanın qurmaq istədiyi güc dinamikası taqətdən düşəcək, hərçənd ki, Parisin onu diriltməsi üçün kəşfiyyat fəaliyyətini gücləndirəcəyi istisna deyil.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir