“Fransa, hətta coğrafi baxımdan ondan uzaq olan ölkələrə belə maraqlarını zorla qəbul etdirməyə çalışır”.
“Report” xəbər verir ki, bu barədə jurnalist Şuayb Baqadinin Mərakeşin “Ouma Press” nəşrində dərc olunan məqaləsində qeyd edilib.
Onun sözlərinə görə, Fransa yeganə məqsədi həqiqəti təhrif etmək, təqsirləndiriləni qurbana çevirmək olan təbliğat kampaniyası təşkil etmək üçün öz “media lobbisindən” istifadə etməkdən çəkinmir.
Ş.Baqadi buna misal olaraq Qarabağın Ermənistan tərəfindən 30 ildən artıq davam edən işğalını göstərib:
“Lakin Azərbaycan ərazilərini azad etdikdən sonra bu ölkə Fransa mətbuatında təcavüzkar kimi təqdim olunmağa başlanılıb”.
Jurnalist qeyd edib ki, Fransa mediasının rolu işğal, müstəmləkəçilik, dağıntı və soyqırımı qurbanı olmuş şəxslərə qarşı düşmənçilik münasibəti ifadə etməkdir:
“Çünki onların maraqları bu faciəli hadisələrə səbəb olan ölkə vətəndaşlarının əhəmiyyətli bir hissəsi ilə bağlıdır”.
Onun fikrincə, Azərbaycana səfər ona həqiqəti gözləri ilə görməyə imkan verib:
“Bu, regiona vurulan zərbənin və onun əhalisinin ağrı və iztirablarının miqyasını anlamaq üçün kifayət edirdi”.
Şuşaya və Ağdama səfər edən, regionun bərpasının sürətini görən Ş.Baqadi Qarabağın gələcəyinə dair narahat olmadığını vurğulayıb. Jurnalist beynəlxalq medianı ədalət prinsipinə əməl etməyə və kənar təsirlərə məruz qalmamağa çağırıb.