Azərbaycanın ərazi bütövlüyünün bərpası və işğal altında olan torpaqların azad edilməsi ölkənin müstəqillik tarixində dövlət siyasətinin əsas prioritetlərindən və strateji məqsədlərindən biri olmuşdur. İşğalın davam etdiyi bütün illər ərzində bu hədəfə nail olmaq istiqamətində siyasi, diplomatik, iqtisadi və hərbi sahələrdə ardıcıl tədbirlər həyata keçirilmişdir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının təmin edilməsi və suveren hüquqlarının bərpası dövlətin qarşıya qoyduğu başlıca vəzifələr sırasında yer almışdır.
Bu məqsədlə ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, iqtisadi potensialının artırılması və beynəlxalq mövqelərinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Eyni zamanda, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə nail olmaq üçün diplomatik fəaliyyət davam etdirilmişdir. Ərazi bütövlüyünün bərpası məsələsi həm dövlət siyasətində, həm də cəmiyyətin ümumi milli məqsədləri sırasında xüsusi yer tutmuşdur.
Azərbaycan bayrağının ölkənin bütün ərazilərində dalğalanması ideyası dövlət suverenliyinin və milli birliyin rəmzi kimi qəbul edilmişdir. Bu strateji məqsəd uzun illər ərzində həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri olaraq qalmış, ölkənin gələcək inkişafı və təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşımışdır.
Saatlı rayon Heydər Əliyev Mərkəzinin direktoru Telman Ağayev
