• Ca. Apr 25th, 2024

ÖLKƏMİZDƏ MİLLİ BİRLİK VƏ HƏMRƏYLİK HAKİMDİR

ByYenigun.news

May 18, 2021

Vətən müharibəsindəki Qələbədə bütün icmaların payı, töhfəsi vardır. Azərbaycan Prezidentinin tövsiyəsi ilə builki “Xarı bülbül” festivalı həm də Azərbaycan multikulturalizm ənənələrinin simvoluna çevrildi. Bəllidir ki, Ermənistanın rəsmi təbliğatı, xüsusi qurumları münaqişənin ilk günlərindən etibarən Azərbaycanda müxtəlif dini, etnik, linqvistik icmalar arasında təfriqə yaratmaq, Azərbaycan dövlətçiliyini zəiflətmək, parçalamaq üçün davamlı iş aparmış, bu məqsədlə mərkəzlər, təşkilatlar, KİV-lər qurulmuş, milyonlarla vəsait xərclənmişdir. Bu işdə xaricdəki erməni lobbisi, onların havadarları da kifayət qədər fəaliyyət göstərmişlər.
Uzun müddət idi ki, ermənilər onlarla heç bir tarixi və mental əlaqəsi olmayan Şuşa şəhərini erməni şəhəri kimi qələmə verir, Şuşaya səfərlər edərək xalqımızın hissləri ilə oynayırdılar. Qondarma rejimin “parlamenti”nin 2021-ci ildə Şuşaya köçürülməsini planlaşdıran, Şuşada yallı oynayaraq səbrimizi sınağa çəkən ermənilər mütləq şəkildə cəzalarını almalı idi. 44 gün ərzində torpaqlarımızın işğaldan azad olunması üçün bütün etnik və dini icmaların nümayəndələri vahid amal, vahid bayraq altında birləşərək çiyin-çiyinə döyüşməklə bu təbliğatın, bu fəaliyyətin öz hədəfinə çatmadığını, mənasızlığını ortaya qoydu. Eyni zamanda, Azərbaycanda əsrlərlə mövcud olmuş tolerant mühitin, multikulturalizm ənənələrinin qorunmasına Prezident İlham Əliyevin hakimiyyəti illərində bu qədər diqqət ayrılmasının da nə qədər düzgün siyasət olmasını sübut etdi. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Prezident bird aha qeyd edib ki, ölkələr belə inkişaf etməlidir, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur.
Festivalın məhz Ramazan bayramı ərəfəsində təşkil edilməsi də böyük əhəmiyyət kəsb etmişdir. Şuşa Pənahəli xanın dövründən dini dəyərlərə xüsusi diqqət yetirilən məkan kimi tanınıb. Azərbaycanlıların etnik təmizlənməsi həmişə tarixi-dini abidələrimizə qarşı vandalizm aktları ilə müşayiət olunub. İslamın Azərbaycan xalqının milli konsolidasiyasında, milli mədəniyyətinin qorunmasında müstəsna yeri var. Biz öz dini, milli, mənəvi köklərimizə bağlı olan xalqıq. Əks-təqdirdə, biz heç vaxt işğala son qoya bilməzdik. Beş il bundan əvvəl Cocuq Mərcanlı işğaldan azad olunandan sonra orada Prezident İlham Əliyevin göstərişi ilə Şuşa məscidinin bənzəri olan məscid inşa edilmişdi və həmin məscidin açılışındakı çıxışında o demişdi ki, gün gələcək biz Şuşada məscidləri bərpa edəcəyik və yeni məscidlər tikiləcəkdir.
Bu qayıdışın digər bir simvolik başlanğıcı da Ramazan bayramı ilə bağlı Yuxarı Gövhərağa məscidində bayram namazının qılınmasıdır. İndi Şuşanın Yuxarı Gövhərağa məscidində, işğaldan azad olunmuş digər ərazilərimizdə azan səsləri ucalır. Ramazan bayramı ərəfəsində Şuşada yeni möhtəşəm məscidin təməli qoyuldu. Ermənilər tərəfindən qurudulmuş “Xan qızı Natəvan” bulağından su gəldi. Bütün bunlar böyük rəmzi məna daşıyır. Bax, bizim qayıdışımız budur. Möhtəşəm tədbir bir daha göstərdi ki, bu gün Azərbaycan mədəniyyəti, Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri Şuşaya qayıdıblar və bu qayıdış reallıqdır, bu reallıqla hər kəs hesablaşmalıdır. Bundan sonra azərbaycanlılar Şuşada əbədi yaşayacaqlar. Bundan böyük səadət hər xalqa nəsib olmur.
Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Ordumuz rəşadət və şücaəti ilə təkcə işğal altında torpaqlarımızı azad etmədi, eyni zamanda, çoxəsirlik tariximizi, qədim mədəniyyət və incəsənətimizi xalqımıza qovuşdurdu. “Xarı bülbül” tədbiri ötən 30 il ərzində ərazi bütövlüyü uğrunda həyatından və canından keçmiş şəhidlərimizin də, Pənahəli xanın da, Hüseyinqulu xanın da, İbrahim xanın da, Molla Pənah Vaqif, Xurşidbanu Nətavan, Uzeyir Hacıbəyov və digərlərinin ruhunu şad etdi. Hazırda işğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələr fasiləsiz icra olunur. Bizim hər birimiz azərbaycanlı olaraq bütün bunlardan ötrü ölkə başçısına hədsiz dərəcədə minnətdarıq.
Günel Əliyeva, Göytəpə şəhər sakini, müəllim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir