• Bz. Apr 28th, 2024

AZƏRBAYCAN AVROPAYA QAZ İXRACI VƏ NƏQLİYYAT SİSTEMİNDƏ MÜHÜM HƏLQƏDİR

Byyenigun

Dek 25, 2021

Brüsseldə işgüzar səfərdə olarkən İtaliyanın “İl Sole 24 Ore” qəzeti müxbirinin suallarına cavablandıran Prezident İlham Əliyev qaz ixracının gələcək illərlə bağlı hədəflərini də açıqladı. Azərbaycanda neft və qazın ÜDM-də həcminin əhəmiyyətli dərəcədə azaldılmasına nail olunub. Uzun illər bundan öncə neft və qazın ÜDM-də payı mütləq çoxluq təşkil edirdi, indi isə yarıdan da azdır. Beləliklə, Azərbaycan iqtisadiyyatının strukturu daha çox balanslaşdırılmış oldu. Lakin ixracın 90 faizindən çoxunu neft, təbii qaz, neft məhsulları və elektrik enerjisi təşkil edir. Qeyri-enerji layihələrinin ixracı 45 faiz artdı. Energetikaya aid olmayan sənayemiz 20 faiz artdı. Bu, əlamətdar nəticədir. Azərbaycan Cənub Qaz Dəhlizinin 4 seqmentinin hamısında əsas maliyyə yükünü öz üzərinə götürüb. Sözügedən layihə XXI əsrin ən böyük infrastruktur layihələrindən biri hesab olunur. Uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizi Bakıdan Adriatik dənizinin dibi ilə, yüksək dağlıq ərazilərdən keçərək İtaliyaya çatır. Bu, texniki baxımdan çox mürəkkəb və bahalı layihədir. Ötən ilin dekabrında layihənin tam başa çatmasından əvvəl artıq istehlakçılarla müqavilələr imzalanmışdır. Yanvarın 1-dən başlayaraq İtaliya, Yunanıstan və Bolqarıstan 7,2 milyard kubmetr qazla təchiz olunub. Gələn il bu, 9 milyard, 2023-cü ildə azı 11 milyard kubmetr olacaq.
Azərbaycanda altı beynəlxalq hava limanı var və azad olunmuş ərazilərdə daha üç beynəlxalq hava limanı olacaq. Birinin açılışı artıq olub. Ölkəmizi bütün qonşu ölkələrlə birləşdirən dəmir yolu sistemi şaxələndirilir. Bundan əlavə müasir magistral yollar var. Davos Forumunun reytinqinə əsasən, Azərbaycan yolların keyfiyyətinə görə 27-ci, hava nəqliyyatı xidməti və dəmir yolu nəqliyyatı xidmətinə görə 11-ci və 12-ci yerdə qərarlaşıb. Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizi üzərində yerləşir. Bu dəhliz Şimali Avropa, Rusiya, Azərbaycan, İran və Fars körfəzindən keçir. Dəmir yolu və avtomagistral olmasından asılı olmayaraq, Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentində aparılan bütün tikinti işləri artıq tamamlanıb. İkinci Qarabağ müharibəsindən sonra Zəngəzur dəhlizi adlandırılan yeni dəhlizi açmaq üçün əlverişli imkanlar yaranıb. Həmin dəhliz Azərbaycandan Ermənistana və oradan Azərbaycanın Naxçıvan Muxtar Respublikasına gedərək Türkiyə və Avropaya qədər uzanır, bu da nəqliyyat üçün alternativ marşrut olacaq.
Nəqliyyat sektoru enerji sektorundan sonra ölkəmizin aparıcı sektorlardan biri olacaq. Ələt qəsəbəsində yerləşən azad iqtisadi zonanın yaradılması üzərində fəal işlər aparılır. Xəzər dənizində ən böyük ticarət limanının açılışı xüsusi olaraq qeyd olunmalıdır. Onun yükaşırma gücü 25 milyon tona qədər arta bilər. Azərbaycan artıq bütün növ yük gəmiləri, tanker və bərələri qəbul edə bilir. Dövlət başçısı bildirib: “Azad edilmiş ərazilərdən Ermənistan sərhədinə qədər dəmir yolu xətti 2023-cü ilin sonunadək hazır olmalıdır. Biz, əlbəttə, ümid edirik ki, o vaxta qədər Ermənistan özünün ev tapşırığını yerinə yetirəcək. Əlbəttə, biz digər məsələlərə də toxunduq. Minaların təmizlənməsi məsələsi tərəfimizdən qaldırıldı və Prezident Mişel Azərbaycana bu vəziyyətin öhdəsindən gəlməkdə yardımçı olmaq arzusunu ifadə etdi. Çünki müharibə bitdikdən sonra 200 nəfərə yaxın insan minalar səbəbindən həlak olub və ya ağır yaralanıb. Biz, həmçinin humanitar və bir çox digər məsələləri müzakirə etdik. Hesab edirəm ki, olduqca məhsuldar müzakirələr aparıldı.
Rafael Məmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir