• C. Apr 19th, 2024

Beynəlxalq hüquqlarla qorunan əməkdaşlıq

ByVuqar Ferzeliyev

İyn 9, 2023

2021-ci il iyunun 15-i Azərbaycan tarixində əlamətdar gün kimi qalacaq. Bizim üçün mühüm mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması, sözsüz ki, gələcək dərsliklərə yazılacaq mühüm tarixi hadisə kimi yaddaşlarımıza həkk olundu.

Şuşa Bəyannaməsinin məhz Azərbaycan xalqının Qurtuluş günü – 15 iyun tarixinə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası var. Biz tarixin təkrarlanmasının və oxşar hadisələrin yenidən baş verməsinin şahidiyik. Təbii ki, Prezident İlham Əliyevin Qars müqaviləsinə və 100 il bundan əvvəl baş verənlərə istinad etməsi təsadüfi deyil. Çünki bir əsr bundan əvvəl baş tutan proseslərə oxşar hallar, indi də təkrarlanmaqdadır. Sadəcə bir fərq ilə. Əgər o zaman hadisələrin nəticəsi Ermənistanın və onun havadarlarının xeyirinə başa çatmışdısa, bu gün Cənubi Qafqazda yaranmış yeni reallıq Azərbaycan dövlətinin və xalqının birbaşa qalibiyyəti deməkdir.

Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətlərdə inqilabi gerçəklikdir. 15 iyun 2021-ci il tarixindən başlayaraq Bakı və Ankara hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliklərini rəsmi şəkildə elan etdi. Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Burada qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar.

İki qardaş ölkə həm də iki dövlətin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsinin təşviq olunması ilə bağlı da razılığa gəldi.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir. Hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən saziş Bakı və Ankaranın başçılığı altında yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcıdır.

Nurəli Hüseynov,

Cəlilabad şəhər peşə məktəbi

tədris-istehsalat işləri üzrə direktor müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir