• Şb. Apr 27th, 2024

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ
BÖYÜK ROL OYNADI

Byyenigun

Dek 28, 2021

Ali Baş Komandan İlham Əliyev Hadrut qəsəbəsinə və Şuşaya səfər edib. Qaraabağın bu dilbər guşələrində Ali Baş Komandanı izdiham və qürur hissi ilə qarşılayıblar. Hadrutdakı görüş sözün əsl mənasında qalibiyyətimizin təntənəsi idi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyət, iradə, əzm, milli ruh və yüksək idarəçilik dəyərləri və rəhbərliyi, xalqımızın vətənpərvərlik duyğularının birgə həmrəyliyi ilə Azərbaycan ordusu tarixinin ən şanlı və şərəfli səhifələrindən birini məhz burada həkk edib. Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsində xüsusi əhəmiyyətə malik olan bir əməliyyat idi. Strateji qəsəbəni işğaldan azad edilməsi müharibə zamanı gələcək planlarımıza əlavə dəstək verdi. Hadrut işğalçılardan azad edilməsəydi, gələcək əməliyyatlarımız daha böyük çətinliklərlə üzləşə bilərdi. Təsadüfi deyil ki, işğaldan ilk azad edilmiş şəhər olan Cəbrayıldan sonra ikinci böyük yaşayış məntəqəsi Hadrut olmuşdur. Müzəffər Azərbaycan Ordusu ötən il oktyabrın 9-da bu qəsəbəni işğalçılardan azad etmişdir.
Hadrutdan sonra Şuşaya yol açıldı. Hadrut işğalçılardan azad edilməsəydi, Şuşaya gedib çatmaq daha çətin olardı. Şuşa əməliyyatı artıq bir dastana çevrilib. Dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində Şuşa əməliyyatı haqqında indi müzakirələr gedir, təhlillər aparılır və bir çoxları, xüsusilə Şuşada olmuş insanlar inana bilmirlər ki, Azərbaycanın qəhrəman övladları yüngül silahlarla qayalara dırmaşaraq bizim mədəniyyət paytaxtımız olan, Qarabağın tacı olan Şuşanı işğalçılardan azad etdilər.
Qarabağın azad edilməsində Hadrut əməliyyatının xüsusi əhəmiyyət daşıdığını vurğulayan Prezident qeyd edib ki, qəsəbə ətrafında yerləşən təpələr böyük əraziyə nəzarət etməyə imkan verir və Hadrutu götürmək hərbi nöqteyi-nəzərdən çox çətin idi. Eyni zamanda, Hadrutu götürməklə bizim gələcək planlarımız üçün yeni imkanlar açıldı. Onu da bildirməliyəm, baxmayaraq ki, müharibə zamanı Ermənistan ordusunda on mindən çox fərari olmuşdur və bəzi yaşayış məntəqələrindən onlar tələm-tələsik qaçaraq çıxmışdılar, amma Hadrutda dirəniş göstərdilər, müqavimət göstərdilər və burada gedən şiddətli döyüşlər bir neçə gün davam etmişdir. Buna baxmayaraq, Azərbaycan əsgəri, zabiti qarşısında onlar öz acizliyini dərk edərək burada da məğlubiyyətə uğradılar
Müharibədən sonra ordu quruculuğu prosesi dayandırılmayıb. Orduya ayrılan xərclər azalmayıb, əksinə, artırılıb. Müharibədən sonra imzalanmış yeni kontraktlar icra edilir. Müharibədən sonra həm müasir tələbələrə cavab verən silah-sursat, texnikalar alınır, eyni zamanda, yeni silahlı birləşmələr yaradılır. Komando briqadaları peşəkar hərbçilərdən qurulmuş, ən yeni silah və avadanlıqlarla təchiz olunmuş müntəzəm hazırlıqlı, yüksək hərəkətli desant-hücum qruplaşmalarıdır. Onlar günün istənilən vaxtında, silahlı münaqişələrin istənilən əməliyyat mühitində, istənilən potensial döyüş əməliyyatları teatrında, o cümlədən dağ-meşə məkanlarında, eləcə də məskunlaşmış ərazilərdə dərhal döyüşə hazır olur. Bu, ümumilikdə silahlı qüvvələrin döyüş hazırlığının əhəmiyyətli dərəcədə artırılmasını ifadə edir. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Belə briqadalar çox olacaq, minlərlə hərbçimiz bu briqadalarda xidmət edəcəklər. Beləliklə, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaqdır.
Emil Şəmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir